“Laqunda” ilə evində işləyən usta ehtiyatsızlıqdan ağır xəsarət alıb. Hadisə Lənkəranda baş verib.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, Lənkəran şəhəri, Şəhidlər xiyabanı küçəsində yaşayan 1978-ci il təvəllüdlü Murad Ağazadə oğlu Əliyev evində təmir işləri görərkən ehtiyatsızlıqdan ağır xəsarət alıb.
Hadisə M.Əliyevin “laqunda” ilə işlədiyi vaxt baş verib. Belə ki, ani olaraq yaranan texniki nasazlıq zamanı “laqunda” onun üz nahiyəsinə dəyib.
Hadisə yerinə dərhal təcili yardım briqadası çağırılıb. M.Əliyevə ilk tibbi yardım göstərildikdən sonra o, təcili yardım maşını ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Onun vəziyyəti ağır olduğundan Bakıya aparmaq mümkün olmayıb. Bu səbəbdən paytaxtdan həkim briqadası dəvət edilib.
Hazırda Lənkəran polisində hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.