Azərbaycanda daha bir transformator dəhşəti: "9 yaşlı qız ölümlə çarpışır" 

"Transformatora girib yanan 9 yaşlı uşağın həyati təhlükəsi böyükdür".

Bu barədə Lent.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən 9 yaşlı Əliyeva Zəhra Bayram qızının 5 nömrəli şəhər kliniki xəstəxanasının yanıq şöbəsinə yerləşdirildiyi bildirilib. Verilən məlumata görə, azyaşlının vəziyyəti kritikdir, həyati təhlükəsi qalmaqda davam edir.

Qeyd edək ki, dünən 18:30-da Bakıda azyaşlı elektrik transformatorunda yanıq xəsarətləri alıb.

Hüquq-mühafizə orqanlarından Lent.az -a verilən məlumata görə, hadisə paytaxtın Nizami rayonu, Babək prospektində, "Azərişıq" ASC-nin Nizami Regional
Enerji Təchizatı və Satışı İdarəsinin 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib.

2010-cu il təvəllüdlü Əliyeva Zəhra Bayram qızı açıq qapıdan məntəqənin içərisinə daxil olaraq gərginliyə toxunub. Nəticədə Z.Əliyevanın sol yuxarı ətrafı, sol ayağının baş barmağı, sağ baldırı yanıb. Yaralı 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.