Şirvanda qadın keçmiş əri tərəfindən bıçaqlanıb. Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gecə saat 21 radələrində, şəhərin H.Əliyev küçəsi, ev 1 ünvanında qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Qubadova Günay Hətəm qızı keçmiş əri, Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yaşayan Quliyev Azad Ərəstun oğlu tərəfindən döş və qarın nahiyəsindən bıçaqlanıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstənin yaxınları bildirir ki, artıq ikinci dəfədir G.Qubadova keçmiş əri tərəfindən bıçaqlanır.
Xəstənin bibisi Nailə Qubadova qeyd edib ki, qardaşı qızı üç il bundan əvvəl boşanıb:
“Onun keçmiş əri Ə.Quliyev dəfələrlə G.Qubadovanın yaşadığı evə gələrək onu döyüb. Hətta Ə.Quliyev bir neçə gün bundan öncə Şirvan şəhərinə gələrək, G.Qubadovanı küçənin ortasında döyüb və müxtəlif bədən xəsarətləri yetirib”.
Qeyd edək ki, hadisəni törədən Ə.Quliyev keçmiş həyat yoldaşına bıçaq xəsarətləri yetirdikdən sonra hadisə yerindən qaçmağa müvəffəq olub.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanılıb.