Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.
Oxu.Az xəbər verir ki, qəza Atatürk prospektinə ayrılan tuneldə baş verib.
Belə ki, İbrahimli Nicat Qabil oğlu idarə etdiyi “Toyota” markalı avtomobilin sürücüsü tuneldə hərəkətdə olan zaman idarəetməni itirib.
Nəticədə nəqliyyat vasitəsi tunelin istinad divarına çırpılıb. Hadisə zamanı “Toyota”nın sürücüsü ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Onun qəza zamanı sərxoş vəziyyətdə olduğu bildirilib.
Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib. Hadisə nəticəsində avtomobilin yağı və yanacağı yola dağıldığından əraziyə FHN-in briqadası cəlb edilib.
Polis əməkdaşları başqa hadisənin baş verməməsi üçün tənzimləmə işləri aparıb.
Faktla bağlı araşdırma aparılır.