Türkiyədə kişi arvadını və başqa bir kişini meşəyə apararaq, orada güllələyib.
DHA-nın yaydığı xəbərə görə, İbrahim Y. adlı kişi arvadı, iki uşaq anası Aynur Y. və üç uşaq atası Murad Olgunu Arnavutköydə yerləşən meşəyə aparıb və bilinməyən səbəbdən onlara atəş açıb.
Hadisə nəticəsində M.Olgun oradaca ölüb, Aynur Y. isə beş güllə yarası alsa da, sağ qalıb.
Hadisəni törədən İbrahim Y. böyük qardaşı Həmdullaha zəng edərək, “gəl, mən cinayət törətdim” deyib.
Həmdullah Y. bu barədə polisə xəbər verib və özü də hadisə yerinə gəlib. Yaralı olan Aynur Y.-ni maşınına qoyaraq, xəstəxanaya aparmaq üçün yola çıxıb.
Lakin o, avtomobili yüksək sürətlə idarə etdiyi üçün idarəetməni itirib və qəza törədərək yol kənarındakı meşəlik əraziyə girib.
Ətrafdakı insanların çağırdığı təcili tibbi yardım maşını ilə qadın xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Cinayəti törətməkdə şübhəli bilinən İbrahim Y. isə hadisə yerindən qaçıb, polis onun axtarışlarını davam etdirir.