Ana dünyaya gətirmədən övladını satdı


Rusiyanın Stavropol vilayətində ana yenicə dünyaya gətirdiyi övladını satıb.
News24.az rg.ru-ya istinadən xəbər verir ki, 36 yaşlı ana körpə uşağını sataraq əvəzində 440 min rubl (12 000 AZN) alıb.

“Qadın hələ ötən ilin sentyabr ayında, hamilə ikən uşağını satmağı qərara alıb. Hətta o bu barədə sosial şəbəkələrdə reklam da yerləşdirib. Bir qadın isə təklifə razı olub, amma əvvəlcə bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib”, - deyə İstintaq Komitəsinin rəsmi saytında yayımlanan məlumatda bildirilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, ötən ilin dekabr ayında qadın bir qız uşağı dünyaya gətirib və onu razılaşdırılmış qiymətə satıb.

Hazırda körpə müvəqqəti olaraq bir xəstəxanaya yerləşdirilib. Onun taleyi qəyyumluq orqanları tərəfindən həll ediləcək. Anaya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 127.1 maddəsi (“İnsan alveri”) ilə cinayət işi açılıb.
Hazırda istintaq dəlillər toplayır və şahidlərlə görüşərək araşdırmalar aparır.