İrandan güc göstərisi: Tehran qüdrətdən düşmədiyinin mesajını verir

İran müdafiə gücünün azalmadığını sübut etmək üçün şənbə günü kütləvi hərbi təlimlərə başlayacaq. Bunu İranın müdafiə naziri Əziz Nəsirzadə deyib. Nazir qeyd edib ki, şənbə günündən başlayaraq müdafiə qabiliyyətinin azalmadığını, əksinə gücləndiyini nümayiş etdirən bir sıra hərbi təlimlər başlanacaq. 

Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a vurğulayıb ki, Qəzza zolağında Həmasın, Livanda Hizbullahın zəifləməsi və Suriyada Bəşər Əsəd rejiminin süqutu Tehran hakimiyyətinə ağır zərbə vurub:

“Çünki bunların hər üçü hərbi, maliyyə, siyasi cəhətdən Tehran hakimiyyəti tərəfindən dəstəklənirdi. İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei Həmas, Hizbullah və Bəşər Əsəd rejiminin Tehran hakimiyyətinə aidiyyatı olmadığını sadəcə olaraq yardımlar göstərdiyini bildirir. Bununla göstərmək istəyir ki, Həmas, Hizbullahın zəifləməsi və Əsəd rejiminin süqutun Tehranın gücdən düşməsi demək deyil. İranın müdafiə naziri Əziz Nəsirzadə bəyan etməyə çalışır ki, İrana qarşı  istənilən hərbi müdaxiləni cavabsız qoymayacaqlar və daha təsirli cavab verəcəklər. Çünki bu yaxınlarda Amerika Birləşmiş Ştatlarının yeni seçilən prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatları istisna etməyən açıqlamalar verdi. İsrail isə İranın nüvə obyektlərini vurmaq üçün növbəti zərbənin endiriləcəyini söyləyib. İran da onlara çatdırmaq istəyir ki, onun gücü Həmas, Hizbullah, Suriyadakı Bəşər Əsəd rejimində və Yəməndə olan Husilərdə deyil. Yəni İranın hərbi qüdrətinə onların heç bir formada təsiri olmayacaq”.