Rusiya bütün hərbi obyektlərinin NATO-nun hədəfində olduğunu düşünür -EKSPERT

ABŞ və Böyük Britaniya kəşfiyyat xidmətləri Rusiyanın Suriyadakı hərbi bazalarına terror hücumları hazırlayır. Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

Hərbi ekspert Emil Həsənli “Sherg.az”a söyləyib ki, SSRİ dağıldıqdan və soyuq müharibə başa çatdıqdan sonra Rusiya, Amerika və Böyük Britaniya arasında ilk dəfədir belə gərginlik yaranıb:

“Üç tərəf arasındakı gərginlik Rusiya-Ukrayna müharibəsindən sonra ən yüksək həddə çatıb. Uyranın arxasında Qərb, NATO, ABŞ və Böyük Britaniya var. Onlar Ukraynaya maliyyə, hərbi və texniki cəhətdən hər cür dəstək göstərir, eyni zamanda Kiyevə kəşfiyyat məlumatları verir. Ona görə də Rusiya bütün hərbi obyektlərinin NATO-nun hədəfində olduğunu düşünür və narahatlıq keçirir. Rusiyanın digər narahatlığı isə Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra həmin bölgədə olan hərbi hissələrinə ola biləcək təhlükədir. Belə açıqlamalar Rusiya əhalisini sakitləşdirmək və beynəlxalq aləmi məlumatlandırmaqdan ibarətdir. Eyni zamanda əgər Suriyada Rusiya hərbi hisslərinə hansıda təxribat baş verərsə, əvvəlcədən hədəfi göstərmək məqsədi daşıyır. Rusiya-Ukrayna savaşı Üçüncü Dünya müharibəsinə çevrilə bilər. Birinci və İkinci Dünya müharibəsinin hər ikisi Avropada baş tutub. Üçüncü Dünya savaşının dünya üçün böyük fəlakətlər gətirmə ehtimalı böyükdür”.