Yanğın təhlükəsizliyinə əməl olunmur: Sahibkarların etinasızlığı ciddi fəsadlara yol açır

 

“Qapıya mühafizəçi qoymaq hələ təhlükəsizliyin təmin edilməsi demək deyil”



"Ticarət müəssisələrində yanğın təhlükəsizliyinin təmin olunması üçün qüvvədə olan qaydaların bütün tələblərinə ciddi riayət olunmalıdır. Qanunvericiliyə müvafiq olaraq ticarət müəssisələrinin, baza və anbarların yanğın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyəti bu obyektlərin rəhbərləri, inzibati heyəti və ya sahibkarlar daşıyırlar".

Bu sözləri “Şərq”ə təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib. Onun sözlərinə görə, iaşə obyektlərində ticarət mərkəzlərində baş verən yanğınlara səbəb sahibkarların etinasızlığıdır: 

"Bazarda obyekt götürüb çalışan sahibkarların  bəzən axşam işdən gedəndə elektrik çaydanını, qaz sobasını, yaxud da digər elektrik avadanlığını yanılı qoyub getməsi sonradan bədbəxt hadisə ilə nəticələnir. İş yerlərinin, obyektlərin, bazarların, otellərin, iaşə və ticarət obyektlərinin və sahibkarlıq subyektlərinin demək olar ki, çoxu təhlükəsizlik məsələsinə ciddi yanaşmır. Düzdür, fövqəladə hadisələrdən 100 faiz sığortalanmayıb. Ancaq bunun qarşısının alınması üçün müəyyən işlər görmək lazımdır. Yəni iş yerlərinin, biznesinin təhlükəsizliyinin davamlı və etibarlı olmasını, baş verə biləcək risklərin öncədən qarşısının alınması üçün tədbirlər planının işlənib hazırlanması lazımdır. Bunun üçün peşəkar şəxsləri dəvət etmək, onların bilik və bacarıqlarından istifadə etmək lazımdır.  Peşəkar şəxsləri dəvət edib, ancaq ona işləməyə imkan verməmək, dediklərini etməmək, öz işini görməkdə ona maneçilik törədənləri müdafiə etmək və sonda həmin peşəkara sətiraltı “yola ver sən də” mesajını ötürməmək şərti ilə. Yoxsa bir çox yerlərdə əmioğlu , dayıoğlu, qohum-əqrəba, dost-tanışlıqla işə götürüləndə görüləcək iş də keyfiyyətsiz olar". 



Ekspert: “Obyektlər standartlara cavab vermədiyi üçün sığorta şirkətləri onları sığortalamır. Çünki bu potensial təhlükəni görən sığorta şirkətləri bu işdə maraqlı deyillər”


E.Nurəliyevin sözlərinə görə, son baş verən hadisələr göstərir ki, bu olaylardan nəticə çıxaranlar, öz iş yerlərində yanğın təhlükəsizliyinə dair normaların, standartların  uyğun olub-olmadığını yoxlayanlar, bu cür hadisələrin öz obyeklərində baş verərsə hansı fəsadlar, zərərə səbəb olacağına, insanlara və əmlaka dəyən ziyanın miqyasının hansı səviyyədə olacağına dair təhlükəsizlik planı çıxaranlar çox azdır: 

"Yanğın təhlükəsizliyi qaydalarına, FHN-in yanğın təhlükəsizliyinə dair irad və tövsiyələrinə bütün obyektlər gərək ki, mütləq riayət etsin. Bu həm  insanların həyat və sağlamlıqlarının təhlükəsizliyi, həm də özlərinin biznesi üçün vacibdir. Əks halda böyük ziyana düşürlər. Fikir verin, bazarlarda baş verən genişmiqyaslı yanğınların hamısı səhər saatlarında baş verib. Deməli, hansısa qaydalara, daxili prosedurlara düzgün riayət edilmir. Demək olar ki, çoxu da elektrik naqillərində baş verən qısaqapanmadan, elektrik naqillərinin qızması, əriməsi, alışması səbəbindən baş verir.  Ona görə kompleks təhlükəsizlik görülməlidir. Qapıya  mühafizəçi qoyulması hələ  təhlükəsizliyin təmin edilməsi  deyil. Yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik, əməyin mühafizəsi, elektron informasiya təhlükəsizliyi, sanitar gigiyenik təhlükəsizlik, elektrik təhlükəsizliyi, ilk tibbi yardım, mülki müdafiə, obyektin fiziki olaraq qorunması və s. bunlar təhlükəsizliyin təmin edilməsi üçündür. Digər bir məsələ isə obyektlərdə gecə növbətçi elektriklərin olmasıdır.  Bu çox vacibdir. Bəzilərində belə kadrlar olsa da, axşam gələndə yatır, səhər durub gedir. Halbuki, onlar gecə ərzində obyektlərdə elektrik naqillərində olan nöqsanları aşkar etməli, nasazlıqları aradan qaldırmalı, baş verə biləcək qəzaları rəhbərliyə bildirməlidir. Onda elektriklə bağlı yanğın hadisələri azalar".

Ekspert hesab edir ki, böyük obyektlərdə o qədər də çox pul aparmayan vasitələrlə effektiv yanğından mühafizəni təmin etmək olar:

“Su maşını almaq (qiyməti yenisi olmayanın 15 000-20 000 təxmini) və onu ərazini qoruyan mühafizə xidmətinə təhkim etmək. Həmin mühafizə xidmətinin əməkdaşları da kurs keçmiş, təlim görmüş şəxslər olurlar ki, kimin sürücülük vəsiqəsi və o maşını idarə etməyə hüququ varsa, ona təhkim olunur. Bu, hər növbədə bir belə əməkdaşa təhkim olunur. Görün nə qədər effektiv olar. Yanğın hadisəsi baş verən kimi su maşını həmin yerə sürür və 2-3 dəqiqəyə yanan yerə  təxmini 5 ton su ilə müdaxilə edir. Təbii ki, bu, yanğının qarşısını almağa çox kömək edər. Obyektlər standartlara cavab vermədiyi üçün sığorta şirkətləri onları sığortalamır. Çünki bu potensial təhlükəni görən sığorta şirkətləri bu işdə maraqlı deyillər. Əgər sığorta şirkətləri hansı obyekti sığorta edirsə, demək ki,  orda yanğın təhlükəsi riski çox azdır".