“Azərbaycan dövləti istənilən şəraitdə vətəndaşlarının yanındadır”

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev tərəfindən 2020-ci il 6 noyabr tarixində müvafiq Sərəncam imzalanıb. Sərəncama əsasən, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyan qiymətləndiriləcək və aradan qaldırılacaq. Bununla bağlı baş nazirin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb və 11 işçi qrupu yaradılıb. Yaradılmış işçi qruplarına 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq subyektlərinə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. 




Sərəncamı “Sherg.az”a dəyərləndirən millət vəkili Anar Məmmədov deyib ki, vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin təminatı daim ölkə başçısının diqqət mərkəzindədir.

Deputatın sözlərinə görə, Azərbaycan dövləti və Prezidenti ən çətin proseslərdə, gərgin hadisələrdə güclü siyasi iradə, humanizm, tolerantlıq nümayiş etdirərək istənilən şəraitdə öz vətəndaşlarının yanında olmasını göstərir: 

“Erməni vandalizmi nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manatın, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manatın verilməsi nəzərdə tutulur. Biz bu cür sərəncamların imzalanmasını aprel döyüşləri zamanı, Kürün daşması və zəlzələdən zərər çəkmiş insanların evlərinin bərpasında, eyni zamanda Tovuz təxribatı zamanı gördük. Hətta təbii fəlakətlər zamanı vətəndaşların sığortası, qeydiyyatı, müvafiq sənədləri olmayan, amma fəlakətdən ziyan çəkən mülkləri də dövlət tərəfindən təminat altına alındı. İndiyə qədər baş verən təbii fəlakətlərdən həmçinin digər fors-major hallarda ziyan çəkən vətəndaşlara dövlət tərəfindən verilən dəstək deyilənlərə əyani sübutdur. Fəlakətdən dağılan, ciddi ziyan çəkən evlər yenidən təmir olunub, yaxud yenisi tikilərək vətəndaşların istifadəsinə verilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim vətəndaşların yanındadırlar”. 

Parlament üzvü vurğulayıb ki, Azərbaycan dövləti hər zaman vətəndaşının  problemlərinin həllini diqqət mərkəzində saxlayır: 

“Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sürətli tərəqqiyə xidmət edən siyasətin əsas məqsədlərindən biri də  insanların layiqli həyat tərzinin təmin olunmasından ibarətdir. Cənab Prezidentin də söylədiyi kimi, Azərbaycan dövlətinin siyasətinin mərkəzində xalqımız, onların sosial rifah halının daha da yaxşılaşması dayanır. Dövlətimizin iqtisadi gücü artdıqca, əhalinin sosial müdafiəsinin artırılması tədbirləri də ardıcıl olaraq həyata keçirilir. Çünki bu Azərbaycan dövlətinin sosial mahiyyətindən irəli gələn bir siyasətdir”.