“Mavi bəla” can alır – Nə etməli? – Əsaslı izah 

Ölkədə baş verən intiharlardan sonra narahatlıq  doğuran hadisələrdən biri də dəm qazından zəhərlənmələrin və bunun nəticəsində ölüm hadisələrinin sayının çoxalmasıdır. Mart ayının ilk 15 günü ərzində dəm qazından zəhərlənmə ilə bağlı 21 müraciət olub. Bu hal “mavi bəla” mövzusunu yenidən gündəmə gətirmiş olur.
1 saylı Kliniki Tibbi Mərkəzinin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov bu barədə məlumat verib.
Bildirib ki, bu müddət ərzində dəm qazından zəhərlənmə ilə bağlı şöbəyə müraciət edənlərdən 16 nəfər stasionar müalicəyə götürülüb:
“Dəm qazından zəhərlənən 16 nəfərdən ikisi azyaşlı olub. Bundan başqa metil spirit ilə zəhərlənən 14 yaşlı oğlan da xəstəxanaya gətirilib. O, çox ağır vəziyyətdə olub, sağaldıqdan sonra evə buraxılıb. 
Toksikologiya Şöbəsinə dərman zəhərlənməsi ilə 20-dən çox müraciət olub, onlardan 14 nəfər şöbəyə qəbul olunub. Səkkiz nəfər isə allergik reaksiya ilə şöbəyə qəbul olunub”.


Mövzu ilə bağlı “Sherg.az”a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev açıqlamasında bildirib ki, dəm qazından zəhərlənmə yanma prosesi düzgün getmədikdə baş verir:

"Qaz cihazlarına  kənar müdaxilələr olur. İnsanlar özləri  yaxud dost -tanışdan usta gətirirlər. Müəyyən standartlar pozulur. Dəm qazını yaradan qaz cihazlarına aid olan boruların vaxtında təmizlənməməsidir. Havalandırma sistemi  ildə iki dəfə mütləq təmizlənməlidir. 

Tüstü bacaları zamanında təmizlənməli və onlara mütəmadi nəzər yetirilməlidir.  Hamam otağının qapısında dəlik olmalıdır, həmçinin nəfəslikdən də istifadə edilməlidir.

Müasir sistemlərə keçid etmək,  köhnə qaz cihazlarını çıxartmaq lazımdır.   Tüstü bacaları binanın damında 50 santimetr yuxarıda yerləşməlidir. 

Yay aylarında evlərdə pəncərə açıq olur, bu cür hallar minimum yaşanır. Adi təhlükəsizlik qaydalarına  riayət etsələr, dəm qazından zəhərlənmə halları baş  verməz".