Yol qəzalarının qurbanları daha çox piyadalardır


"Təhlükəli yollarda, keçid olmayan yollarda sürücülər daha məsuliyyətli olmalıdır"


“Bakı şəhəri üzrə qeydə alınan qəzaların 56,4 faizini piyada vurma hadisələri təşkil edib ki, bu da 80 nəfərin həyatına son qoyub, 107 nəfərin yaralanmasına səbəb olub. Ümumilikdə piyada vurma hadisələrinin 90 faizdən çoxu məhz piyada keçidlərindən kənarda baş verib”. Bu, Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin açıqladığı rəqəmlərdir. BDYP payız-qış mövsümünün yaxınlaşmasını nəzərə alaraq  piyadalara xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, aparılan təhlillər nəticəsində bu ilin 8 ayı ərzində respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin 41 faizini piyadaların vurulmasının təşkil etdiyi, qəzalarda 190 nəfərin həlak olduğu, 267 nəfərinsə xəsarət aldığı müəyyənləşib. “Yol hərəkəti iştirakçılarının böyük bir hissəsini təşkil edən piyadaların yolu nəzərdə tutulmayan yerlərdən keçməsi hələ də özlərinin və başqalarının həyat və sağlamlığına qarşı biganəliyin hökm sürdüyündən xəbər verir.

Göründüyü kimi, piyada keçidlərində onların vurulması az hallarda qeydə alınıb. Lakin öz təhlükəsizliyinin etibarlı təmin olunması üçün istər nizamlanan, istərsə də nizamlanmayan piyada keçidlərindən istifadə edən piyadalar belə, yoldakı sürət həddini, hərəkətin intensivliyini, hava və görmə şəraitini, sürücülərin nəqliyyat vasitəsini dayandıra biləcəyini nəzərə almalı, bir sözlə, tam diqqətli olmalıdırlar”. BDYP qeyd edir ki, piyadalar onların təqsiri üzündən baş vermiş istənilən yol-nəqliyyat hadisəsi zamanı maksimum 20 və ya 40 manat məbləğində cərimə olunacaqlarını düşünür, lakin yanlışlığa yol verirlər. “Hərəkət iştirakçılarının, xüsusilə də piyadaların diqqətinə çatdırmaq istərdik ki, qanunvericiliyin tələbinə əsasən əgər hər hansı yol qəzası piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına, yaxud onun ölümünə səbəb olarsa, artıq o, cinayət məsuliyyətinə cəlb olunacaq”. 

Xəbərdarlıqda piyada keçidlərindən düzgün istifadə olunmadığı da qeyd edilir:

“Bir qrup insan hansısa yol sahəsində piyada keçidlərinin olmamasından şikayət etdiyi halda, digər bir ərazidə mövcud piyada keçidlərinin demək olar, istifadəsiz qaldığının şahidi oluruq. Bu isə onu deməyə əsas verir ki, piyadaların yol hərəkəti qaydalarına riayət etməsi yalnız hərəkətin təşkili, infrastruktur və digər amillərə deyil, onların şəxsi məsuliyyət hissinə, yol hərəkəti mədəniyyətinə və ictimai davranış vərdişlərinə daha çox bağlıdır”. Qarşıdan payız-qış mövsümünün gəlməsini nəzərə alaraq, BDYP bir daha piyadalara səslənir ki, küçə və yolları piyadalar üçün nəzərdə tutulan yerlərdən keçsinlər, məhdudiyyətli görünmə, yəni duman, yağış, qar şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olsunlar, qulaqlıqdan istifadə ətrafdakı avtomobillərin səsini eşitməyə imkan vermədiyi üçün yolu keçərkən ondan istifadə etməsinlər, ictimai nəqliyyatı gözləyərkən və ona minib-düşərkən, həmçinin qəflətən avtomobil yoluna çıxmasınlar, yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirib onların tam dayandığına, sürücülərin piyadaya yol verdiyinə əmin olduqdan sonra hərəkətə başlasınlar. 

Sabiq polis rəisi Mahmud Hacıyev “Şərq”ə açıqlamasında piyadaların yol-hərəkəti qaydalarına birmənalı şəkildə əməl etməli olduğunu dedi: 

- Piyada yolu ona məxsus yerdən keçməlidir. İşıqfor olmayan yerdə yerüstü piyada keçidi – “zebrlər” olur. Bəzən görürsən ki, piyadalar yerüstü keçid qaydalarına da əməl etmir. Yol infrastrukturu daim yenilənən sahədir. Şəhərdə müxtəlif yerlərə yeni işıqforlar qoyulub. Mən ikisini görmüşəm; biri Ceyhun Hacıbəyli küçəsində, “Dədə Qorqud” parkının qarşısında, biri də Xarici Dillər Universitetinin qarşısında. Digər ərazilərdə də qoyulur. Ya da yerüstü piyada keçidləri yaradılır. Bəli, bəzi yollarda ehtiyac olduğu halda nə işıqfor var, nə də yeraltı, yerüstü piyada keçidi. Belə yerlərdə piyadalar yolu keçməkdə əziyyət çəkir. Amma işıqforların, keçidlərin quraşdırılması asan məsələ deyil. Bu məsələ Bakı Şəhər İcra Hakimiyyəti ilə müzakirə olunur, məqsədəuyğunluq təsdiqlənəndə işə başlanır. Amma şəhər infrastrukturuna, vətəndaşların təhlükəsizliyinə cavabdeh qurumlar bu məsələlərlə mütəmadi surətdə, ciddi məşğul olmalıdır ki, piyadaların təhlükəsizliyinin təmini üçün işlər görülsün. Bu da acı həqiqətdir ki, şəhərin mərkəzinə daha çox fikir verilir, nəinki kənarlara. 

M.Hacıyev sürücüləri də qınadı:

- Bunu da etiraf etməliyik ki, sürücü mədəniyyəti aşağıdır. “Zebrin” üstündə də piyada vurulub. Yol qəzaları ilə bağlı əlbəttə ki, tədqiqat aparılır. Piyada yol hərəkəti qaydasını pozmayıb ki, sürücü sürət həddini aşmayıb ki… Çünki sürət həddi icazə veriləndən yüksək olanda qarşıya çıxan qəfil maneə zamanı sürücü avtomobili vaxtında dayandıra bilmir. Bəs nəyə görə sürücülərə də xəbərdarlıq edilir ki, sürət həddini aşmayın, ara məsafəni gözləyin?!. Bütün bunlar DYP-nin tədqiqat şöbəsi tərəfindən araşdırılır. Sürücü mədəniyyəti isə başqa məsələdir. Sürücü görür ki, 5 nəfər yolu keçməyə çalışır, avtomobil axını səbəbindən keçə bilmirlər. Nə olar, maşının sürətini azaltsın, piyadaya yol versin. Sürücülərdə də mədəniyyət olmalıdır. “Yol mənimdir”, deyib şütüyüb getmək olmaz. Xüsusən təhlükəli yollarda, piyadalar üçün münasib keçid olmayan yollarda sürücülər daha məsuliyyətli və mədəni olmalıdırlar.