Pərvanənin ürək dağlayan faciəsi...

Ata 9 yaşlı qızını 2 min 200 dollara satdı

Məsum körpələrin faciəsi bitmir. Hər gün  dəhşətli, insanlıq adına həqarət olan xəbərlər yayılır. Növbəti körpə faciəsi bu dəfə də Əfqanıstanda yaşanıb. “Şərq” “Milliyyet.com.tr”ə istinadən xəbər verir ki, 9 yaşlı əfqan qızı Pərvanənin ürək dağlayan faciəsi “CNN İnternational” tərəfindən “özəl xəbər” başlığı ilə yayımlanıb. Əfqan ata “ərzaq sıxıntısı keçirən ailəsinin ehtiyacını qarşılamaq üçün” 9 yaşlı övladını  55 yaşlı kişiyə satıb. Videoda qara libas geyindirilmiş uşağın evdən çıxmaq istəmədiyi, amma 55 yaşlı kişi və yanındakı qadının onun əlindən tutaraq evdən çıxardığı görünür. 

9 yaşlı Pərvanənin (soyadı Malik) görüntüləri dünyada şok təsiri yaradıb. “CNN İnternational” xəbərində deyilir ki, köçkün düşmüş Malik ailəsi 4 ildir Badqiz əyalətindəki düşərgədə yaşayır. Avqustun 15-də Əfqanıstanın paytaxtı Kabilin "Taliban"ın əlinə keçməsi ilə bir çox əfqan ailələri kimi Malik ailəsinin də yaşayışı daha da ağırlaşıb. Pərvanənin atası Abdul Malik bir neçə ay öncə 12 yaşlı qızını satıb. İndi isə 9 yaşlı Pəravəni. Abdul Malik uşağın satılmasını “CNN İnternational”ın kameraları önündə gerçəkləşdirib. Ya bu “ata” dəlidir, ya da o qədər cahildir ki, tv kamerası önündə belə bir hərəkət edir. Abdul Malik 8 nəfərlik ailəsini təmin edə bilmədiyini, ailənin digər üzvləri acından ölməsin deyə, 9 yaşlı qızını satmaq məcburiyyətində qaldığını deyib. Abdul Malik qızını 2 min 200 dollar qarşılığında Qurban adlı bir əfqana satıb. 

Üstəlik, Qurban Abdul Malikə qoyunlar və tarla da verib. “Alıcı” Qurban da danışıb və deyib ki, Pərvanənin “qiyməti” ucuz idi. Atası da çox kasıbdı. Pula ehtiyacı vardı: “Pərvanə evimdə çalışacaq. Onu döyməyəcəm”. Abdul Malik isə Qurbana “bu artıq sənin gəlinin. Lütfən ona yaxşı bax, o, sənin himayəndədir artıq. Lütfən, onu dəymə”, söyləyib. 

Əfqanıstanda 15 yaşdan kiçik qızların evləndirilməsi qanunla qadağandır. Lakin "Taliban"ın hakimiyyəti ələ keçirməsi ilə kiçik qız uşaqlarının satılması halları da artıb.

 "Taliban" hakimiyyəti qız uşaqlarının məktəbə getməsini qadağan etdiyi üçün ailələr qız uşaqlarını satmağa daha çox meyillənir. 10 yaşlı qız uşağı Magul da satılacağı günü gözləyir. Onun da atası qonşudan aldığı borcu aylardır ödəyə bilmir. Buna görə onu həbsxanaya sala bilərlər. Magulun atası İbrahim çarəsiz qalıb. Magul isə “əgər məni satsalar, özümü öldürəcəyəm”, deyir. Evlilik yaşına çatmayan qızların müştəriləri onların guya ev işlərinə yardım etmək üçün alındıqlarını iddia edir. 

Lakin həqiqəti əslində hamı bilir. Əfqanıstanda analıq qabiliyyəti olmayan kiçik qızlar tərəfindən hər il körpələr dünyaya gətirilir...