Son konserti niyə alınmadı?



Maykl Ceksonun ölümünün sirr pərdəsi hələ tam qalxmayıb


Pop musiqisinin kralı Maykl Ceksonun ölümü ətrafında sirr pərdəsi hələ də tam qalxmayıb. Tibbi ekspertiza ölümün səbəblərini bir müddət sonra açıqlasa da, milyonlarla pərəstişkarı Ceksonun həyatla vidalaşma ehtimallarını müzakirə etməkdədir. Maykl Ceksonun ölümü ilə bağlı o qədər müxtəlif ehtimallar, mülahizələr səslənir ki, hansının gerçək, hansının yalan olduğu ayırd ediləməz şəkil alıb. Bu da məlum olub ki, Cekson böyük bir səfər və izdihamlı konsert proqramı planlayırmış. “Şərq” xəbər verir ki, xarici mediada yer alan məlumata görə, konsert proqramının adı “This Is It” idi. Konsert ilk olaraq Londonda baş tutacaqdı. Bunun ardınca isə daha 50 konsert proqramı gerçəkləşəcəkdi. Konsertin xoreoqrafı Kenny Ortega deyir ki, bu, Ceksonun geriyə böyük dönüşü olacaqdı. Və Cekson bunun həyata keçməsi üçün var gücü ilə çalışırmış. Təsəvvür edin ki, konsert proqramı elan edilən kimi 5 saat içində 750 min bilet satılıb. Cekson bu performans zamanı məşhur Şarovskidən 1 milyon sterlinq dəyərində kostyum sifariş veribmiş. Konsert proqramının DVD formatında lentə alınıb yayımlanması da planlaşdırılmışdı. Bəs nə baş verdi ki, bu möhtəşəm planlar həyata keçmədi? 2009-cu il iyunun 25-də Maykl Ceksonun ürəyi dayandı!.. Yaxın ətrafı bilirdi ki, Ceksonun səhhətində, xüsusilə son illər problemlər yaranmağa başlayıb. Problem təkcə kəskin yuxusuzluq deyildi, həm də o, davamlı stress içindəydi. Yuxusuzluğa qalib gəlmək üçün Cekson mütəmadi “Propofol”  preparatı qəbul edirmiş. Həkimlərsə bunun səhhətinə mənfi təsir göstərdiyini bildirirdi.  Yuxusuzluq artıq xroniki xəstəlik halını almışdı. Mütəmadi “propofol” və eyni tərkibli digər dərmanar isə Ceksonun birbaşa ölümünə səbəb ola bilərdi və təəssüf ki, gözlənilən oldu. Cekson yuxusuzluqla yanaşı paranoya və qorxu da daxil olmaqla bir sıra simptomlar da keçirirmiş. CNN xəbər verirdi ki, Cekson hazırlıq aparılan konsertin rəhbəri Kenny Ortegaya “Tanrını duya bilirəm, tanrı ilə danışıram” deyib və ətrafındakıların onun səhhəti ilə bağlı narahatlıqları artıb. Yəni Ceksonun səhhətindəki problemlər təkcə tibbi olmayıb, o həm də ruhi cəhətdən sarsıntı içindəymiş. Cekson Frank Di Leoya “dünyaya ən böyük şounu göstərməliyik”, deyibmiş və bunun üçün gecə-gündüz, dincəlmədən çalışırmış. Səs operatoru Ken Ehrlich son hazırlıqlardan sonra “mən onu dinləyərkən ürpənirdim”, söyləyib. Cekson qarşıdakı möhtəşəm konsert proqramı öncəsi musiqi həyatındakı keçmiş dostlarından bir çoxu ilə əlaqə yaradıb, onlarla təkrar bir araya gəlmək istədiyini bildirib. Buna görə o, özünü xoşbəxt hiss edirmiş. Hətta rəqs müəllimi də Mayklın yaxşı formada olduğunu söyləyib: “Əgər mən onda nəsə bir çatışmazlıq görsəydim, bunu ona bildirərdim. Amma o, çox yaxşı formadaydı”. Cekson həkimlərin təyin etdiyi dərmanlara qarşı həssasdı və heç birini əskik etməzdi. Ağrıkəsicilərə alışqanlıq isə Ceksonun üzündə, dərisində aparılmış rekonstruktiv əməliyyatlardan (kosmetik əməliyyatlar) sonra yaranmışdı. Ağrılara dözmək üçün o, həddindən artıq ağrıkəsici qəbul edirmiş. Ceksonun dərmanlara aludəliyinin səbəbi bu idi. Son gecə isə məşqlər bitdikdən sonra evə gəlib. BBC-nin xəbərinə görə, yuxusuzluq yenə başlayıb və o, qarşıdakı konsert proqramı müddətində özəl həkimi olacaq doktor Conrad Murraydən yardım istəyib. Həkim də ona “Valium”, “Ativan” və “Versed” kimi dərmanları məsləhət görüb. Dərmanlar kömək etməyib və Maykl səhəri yorğun açıb. “Konsert öncəsi dincəlməliyəm” deyərək istirahət etmək istədiyini söyləyib. Həkimdən bu dəfə “propofol” istəyib. Həkim az miqdarda qəbul etməsinə razılaşıb. Həkim onun yanından ayrılandan cəmi 2 dəqiqə sonra Ceksonun ürəyi dayanıb.  Həkimi ürəyi çalışdırmaq istəyib, lakin faydası olmayıb. Bir neçə saat sonra – 14:26-da UCLA Tibb Mərkəzi Meykl Ceksonun vəfat etdiyi xəbərini verdi. Qeyd edək ki, həkim Murray istintaqa cəlb edilib, onun qərəzsiz, istəmədən insan ölümünə səbəb olduğu qərara alınıb. Milyonlarla pərəstişkarı üçün möhtəşəm şou hazırlayan Maykl Ceksonun heyranları bu son tamaşaya görə hələ də göz yaşları içindədirlər.