Qaydanı pozan qadın sürücülərin sayı artıb


Ötən il 84 min qadın sürücü barəsində elektron qərar çıxarılıb

"Hündürdaban ayaqqabı geyinib sükan arxasına keçmək həqiqətən böyük problem yaradır. Çünki hündürdaban ayaqqabı ilə sürətə nəzarət etmək, lazım olan anda sürət həddini dəyişmək xeyli çətindir. Mobil telefonla çox danışırlar, bəli, bu da düzdür"

   2021-ci il ərzində yolda müəyyən edilmiş sürət həddini aşmağa görə xüsusi texniki vasitələrin köməyi ilə real vaxt rejimində 84381 qadın sürücü barəsində elektron qərar çıxarılıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilir. Bildirilib ki, bundan başqa, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə 5494, yolayrıcını keçmə qaydalarının pozulmasına görə 1363, işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 1257, ara məsafəsi qaydalarının pozulmasına görə 528, nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 383, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etməyə görə 192, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsinə görə 40 nəfər qadın sürücü barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib. 

DİN BDYPİ qadın sürücüləri sükan arxasında diqqətli olmağa çağırıb. Qeyd olunur ki, yol hərəkəti günü-gündən artan iştirakçıları ilə mürəkkəb ictimai münasibətlər sisteminə malik bir prosesdir və bu prosesdə qadın sürücülərin sayı ilbəil artmaqdadır. Belə ki, 2020-ci illə müqayisədə sürücülük vəsiqəsi alan qadınların sayı 2021-ci ildə 67 faiz artıb. Onu da qeyd etməliyik ki, nəzəri imtahanlar zamanı yol hərəkəti qaydaları ilə bağlı suallara daha tez və düzgün cavab verən, həmçinin təcrübi imtahanlarda yüksək nəticələr göstərən qadın sürücülər  az deyil. Təəssüf ki, aparılan təhlillər qadın sürücülər arasında qayda pozuntusuna meyilli şəxslərin az olmadığını göstərir. Elə özümüz də yollarda hərəkətdə olarkən bəzən sükan arxasında olduqlarını unudub güzgüyə baxa-baxa kosmetik vasitələrdən istifadə edən, saçını düzəldən, mobil telefona başı qarışan, yolun hərəkət hissəsinin sol zolağında aşağı sürətlə hərəkət edərək süni sıxlıq yaradan və başqa qayda pozuntularına yol verən qadın sürücülərin şahidi oluruq. Statistik rəqəmlər də deyilənləri təsdiq edir. Təkcə ötən il ərzində qadın sürücülər tərəfindən törədilmiş ümumilikdə 28 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, həmin qəzalarda 17 nəfər həyatını itirib, 18 nəfər isə yaralanıb. “Xanımlarımıza müraciət edərək nəqliyyat vasitələrindən istifadə edilməsinin onların özləri və ətrafdakılar üçün yüksək təhlükəli fəaliyyət hesab olunduğunu nəzərə almağı, baş verə biləcək riskləri əvvəlcədən düzgün qiymətləndirməyi, avtomobilin texniki sazlığını daim nəzarətdə saxlamağı və ona əyləncə vasitəsi kimi baxmamağı, xüsusən hündürdaban ayaqqabı həvəskarı olan qadınlara nəqliyyat vasitəsini rahat idarə etmək üçün münasib ayaqqabı seçməyi və ən əsası sürücü kimi yola çıxdıqda yol hərəkəti qaydalarını pozmamağı tövsiyə edirik".

Nəqliyyat məsələləri üzrə ekspert Əziz Talıbov “Şərq”ə açıqlamasında qeyd etdi ki, sürücülərin  qadın-kişi cinsinə ayrılmasının əleyhinədir:

- Sürücü, sürücüdür. Qadın, kişi fərq etmir. Qadın sürücülər də qəza törədir, kişi sürücülər də. Nə qədər ki, yol, nəqliyyat, sürücü var, qəzalar da olacaq. Amma Baş Dövlət Yol Polisi İdarəsi niyə məhz qadın sürücülərə müraciət edib, bu, maraqlıdır. Ola bilsin, statistik rəqəmlərdə qadın sürücülərin iştirakı ilə törədilən yol-nəqliyyat qəzalarının faizi kişi sürücülərin iştirakı ilə törədilənlərə nisbətən bir qədər çoxdur. Ona görə də BDYPİ narahatlığını ifadə edir. Statistika müqayisə edilsəydi, yaxşı olardı. Qadın sürücülərin iştirakı ilə törədilən qəzaların sayının artması da sürücülərin sayının artması ilə mütənasibdir. Bir halda ki, sürücülük vəsiqəsi alan qadınların sayı artıb, qəzaların da sayı buna adekvat olaraq artacaq. Əvvəl 10 qadın sürücü vardısa, indi 10 mindirsə, qəzaların sayının artması da qeyri-adi hal deyil. Hesab edirəm ki, qadın sürücülər, əksinə, avtomobili daha rahat və ehtiyatlı idarə edirlər. Bu, onların təbiətindən irəli gəlir. Amma hündürdaban ayaqqabı geyinib sükan arxasına keçmək həqiqətən böyük problem yaradır. Çünki hündürdaban ayaqqabı ilə sürətə nəzarət etmək, lazım olan anda sürət həddini dəyişmək xeyli çətindir. Mobil telefonla çox danışırlar, bəli, bu da düzdür. Əlavə edim ki, qadın sürücülər övladlarını məktəbə aparır və məktəbdən gətirir, bu zaman da parklanma, dayanma-durma qaydalarını pozurlar. Bu baxımdan qadın sürücülərə müraciət etmək olar ki, diqqətli hərəkət etsinlər və qaydaları pozmasınlar.