Məzara qoyulan kişi deyil, qadın döyüşçü olub


DNA nümunələri indiyədək bilinən reallığı tamam dəyişdirdi

Vikinq dedikdə, göz önünə cüssəli, döyüşçü kişilər gəlir. Lakin İsveçdə qədim vikinqlərə məxsus məzarlıqda aşkarlanan bir məzar indiyədək bilinən reallığı dəyişdirəcək gücdədir.  “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, İsveçin cənub-şərqindəki Birka qəsəbəsində vikinq məzarındakı skeletdən alınmış DNA nümunələri burada torpağa verilmiş şəxsin kişi deyil, qadın olduğunu ortaya çıxarıb. Ağılları qarışdıran bu məzar 1880-ci ildə tədqiq edilib. 

Məzarın zəngin bir vikinqə məxsus olduğu, döyüşçünün burada qılıncı, oxları və qurban olaraq kəsilmiş iki atla birlikdə məzara qoyulduğu bildirilibmiş. Lakin Stokholm Universitetindən bio-arxeoloq Anna Kjellström skeletin diş kökü və qol sümüyündən nümunə götürüb. Nümunə üzərində aparılan DNA analizlərində X xromosomu olduğu müəyyənləşib. Bu isə məzara qoyulanın kişi deyil, qadın olduğunu təsdiq edir. Yəni məzarda dəfn edilən kişi yox, qadın vikinq döyüşçüdür. 

 Bu da vikinqlərin yalnız kişilərdən ibarət deyil, qadınlar arasında vikinq-döyüşçülər olduğunun sübutudur. Hətta arxeoloqlar bu məzarda uyuyan qadının sadə döyüşçü deyil, lider qadın olduğuna da inanır. 

Türkiyəli tarixçi, professor Selahattin Özkan isə bildirib ki, vikinqlər arasında qadın-kişi ayrıseçkiliyi olmayıb. Qadınlar da kişilərlə birlikdə döyüşüblər. XIII əsrə aid “Völsunga” əfsanəsi də bunu  təsdiqləyir. Vikinqlər haqqında tarixi mənbələrdə qadınların hərbi, dini və siyasi işlərdə rol aldığı bildirilir: “Sivilizasiyaya daha gec nail olmuş toplumlarda qadın-kişi ayrıseçkiliyi olmayıb. 

Rollar bərabər paylaşılıb. Lakin bu, qadınların alt təbəqəyə məxsusluğuna dair qədim dövr dünyagörüşünü dəyişmir. Sadəcə, qədim dövrlərdə qadınların gücündən də istifadə edildiyini göstərir”.