Məhəllədə qəhrəman elan edildi

6-cı mərtəbədən düşən uşağı ayağıyla xilas etdi

Hadisə Ərzurumun Yakutiyə bölgəsində baş verib. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, yaşadığı mənzilin artırmasında velosiped sürən kiçik Azra anidən müvazinətini itirib, başı aşağı yuvarlansa da, əlləri ilə divardan tutub.

 Bunu görən qonşular çığırışaraq yardım istəyiblər. Həmin anda yaxınlıqdan keçən 3 uşaq atası Əhməd Ceylan Azranın düşə biləcəyi yeri təxmin edərək  o istiqamətə qaçıb, əllərini açaraq uşağı tutmağa çalışıb. Qısa müddət sonra barmaqları yorulan uşaq daha dayana bilməyərək aşağı yuvarlanıb.

Eniş sürətli olduğundan Əhmədin qolları arasından az qala yerə çarpılacaqmış. Bu anda Əhməd ayağını irəli uzadaraq sürəti azaltmağa müvəffəq olub. Azranı pəncəsiylə saxlaya bilib. Uşaq Əhmədin pəncəsinə dəyərək yerə düşüb. Eniş sürəti yavaşladığı üçün uşaq kiçik xəsarət alıb. Xilaskarınınsa dizinin çarpaz bağları qopub.  Əhməd Ceylan bunu evə gəldiyində hiss edib. Ayağında ağrı artdığından xəstəxanaya gedib və ciddi xəsarət aldığı məlum olub. Dizinə korset taxılıb. Əhməd Ceylanın kiçik qızı xilas etməsi isə dillərə düşüb. Əhməd məhəllədə qəhrəman elan edilib: “Gün boyu telefonlarım susmadı. Xəbərdən  sonra tanıdığım, tanımadığım insanlar, iş yerimdən rəhbərlik də zəng edib təbrik etdilər. Azranın ailəsi də zəng etdi, minnətdarlıqlarını bildirdilər. 3 gündür yata bilmirəm. Gözümə yuxu girmir. 

Gözlərimi hər yumduğumda o anlar gözümün önünə təkrar gəlir. Azra yaxşılaşsın, mən də sağalacam. Allah kimsəni övladıyla imtahan etməsin. Bir neçə il əvvəl bizim də başımıza buna bənzər hadisə gəlmişdi deyə, ata-ananın xəstəxana qapısında gözləməsi nə deməkdir, bilirəm. 

Ümid edirəm Azra da yaxın zamanda sağalacaq, yenə oyunlar oynayacaq, qaçacaq. Biz də xoşbəxt olacağıq”. Ə.Ceylanın həyat yoldaşı Səmra, oğlu Mete də onunla qürur duyduqlarını deyiblər: 

“Atam yanımıza axsaya-axsaya gəldi. Birlikdə evə qayıtdıq. Sonra atamı otaqda ağlayan gördüm. Bizə hadisəni danışdı. Ayağı ağrıdığı üçün deyil, kiçik qıza görə üzüldüyünü dedi. Xəbərlərdə hadisə barədə eşitdik, atamla qürur duydum. O bizim qəhrəmanımızdı”.