Pişiyini həkimlər öldürüb

Türkiyə gözəli məhkəmədə iddia qaldırıb

Türkiyə gözəli, aktrisa və aparıcı Esra Sönməzər “Bəbək” adlı pişiyinin ölümünə görə məhkəmədə iddia qaldırıb. “Pişiyimin müalicəsinə 1.5 milyon TL xərclədim”, deyən E.Sönməzər pişiyinin məhz müalicə müddətində öldüyünü vurğulayaraq buna səbəb olanların yaxasının buraxmayacağını deyib. “Şərq” “milliyet.com”a istinadən xəbər verir ki, cazibədar aktrisa “Kanal8”də yayımlanan “2-ci səhifə” verilişinə qatılaraq bu günlərdə keçirdiyi stresdən danışıb: 

“Martın 10-u pişiyimin 10 yaşı tamam oldu. Onun üçün ad günü tortu hazırlatdım. Üzərinə şam qoydum. Pişiyimin böyrəyində kista əmələ gəlmişdi. 

6 ildir ki, böyrək xəstəsiydi. Daha uzun və rahat yaşasın deyə kök hüceyrə müalicəsinə başlanması məsləhət görüldü. Müalicəyə başladıq. İkinci dozada pişiyin vəziyyəti ağırlaşdı. Reanimasiyaya yerləşdirdilər. 6 gün sonra öldü.  Pişiyim bu müalicədən sonra öldü. 

Buna səbəb olanlar hər kimdirsə məhkəmə qarşısında cavab verəcəklər”. E.Sönməzər “Bəbəy”in İran pişiyi olduğunu deyib. Pişik Tekirdağda heyvanlar üçün ayrılmış xüsusi məzarlıqda dəfn edilib. Esra təkcə öz pişiyini deyil, bütün heyvanları sevdiyini də söyləyib: “Mən təkcə öz pişiyimi deyil, bütün canlıları sevirəm. Bu yaraşıqlı heyvan mənə çox şey öyrətdi. Acım çox böyükdür. Onun ölümündən sonra başqa bir heyvan bəsləməyə artıq nə gücüm qalıb, nə də psixologiyam buna imkan verir”. 

Qeyd edək ki, Esra Sönməzər 2002-ci ildə Türkiyə gözəli seçilib. 4 il sonra Dünya Gözəllik yarışmasına qatılan Esra 4-cü yerə layiq görülüb, lakin haqsızlığa uğradığını iddia edərək tacı səhnədə yerə ataraq yarışmanı tərk edib. Heyvan sevgisi əlbəttə yaxşıdır, müsbət cəhətdir, amma daha bu qədər də yox!