Ağcaqanad pilotun həyatına son qoydu


21 yaşlı xanımın başına ağlasığmaz hadisə gəlib

  Uşaq yaşlarından pilot olmağı arzulayan 21 yaşlı Oriana Pepperin həyatına səma deyil, lənətə gəlmiş ağcaqanad son qoyub. “Milliyet.com.tr”də yer alan məlumatda bildirilir ki, gənc xanım pilotun başına gələnlər ağlasığmaz görünür, lakin reallıqdır. Oriana Oksforddakı pilot proqramında nəzəri imtahanları uğurla başa vurduqdan sonra Belçikaya gedib. Belçikanın Anvers bölgəsində pilotluq təcrübəsi keçib.

Təlimlər zamanı eyni təlimlərdə iştirak edən, Arizona ştatından Jeymslə tanış olub, aralarında dostluq yaranıb. Hər ikisinin istəyi yük təyyarəsi pilotu olmaqdı. Oriana səmada, buludlar arasında uçmağı “səmada ofisə sahib olmaq” adlandırırmış.  Oriananın həyatına son qoyacaq hadisə də Anversdəki təlimlər zamanı baş verib. Təlimlər zamanı Oriana və Jeymsi ağcaqanadlar sancıb. İlk vaxtlar heç bir sıxıntı baş verməyib. Lakin sonra Oriananın sağ gözünün yanında qaşınma başlayıb. Məlum olub ki, ağcaqanad gənc qadının sağ gözünün yanından sancıb. Qadınını göz ətrafları şişməyə başlayıb. Əvvəlcə buna o qədər də əhəmiyyət verməyib. Lakin günlər keçdikcə gözün ətrafındakı şiş böyüməyə, yayılmağa başlayıb. Jeyms Oriananı xəstəxanaya aparıb. Müayinələr zamanı ağcaqanadın sancmasının orqanizmdə infeksiyaya səbəb olduğu aydınlaşıb. Gənc xanıma antibiotik qarışığı vurulub.  Oriana bir müddət özünü yaxşı hiss etsə də, 2 gün sonra halı qəfil pisləşib. Gənc xanımın dili tutulub, huşunu itirib. Jeyms onu təkrar xəstəxanaya aparıb. Ailəsi Oriananın yatağının yanında dayanaraq onun ayılmasını, özünə gəlməsini gözləyib. Lakin ağcaqanad sancmasının törətdiyi infeksiya artıq onun beyninə yayılıbmış. Az keçmiş gənc pilot vəfat edib. Ədli tibb həkimi Nigel Parsley gənc pilotun ölüm səbəbini belə izah edib: “Ağcaqanad sancması Oriananın dərisində infeksiya əmələ gətirib. İnfeksiya boynun karotid damarına yayılıb, beynində septik emboli – qan laxtası əmələ gəlib. Ölümünə də bu səbəb olub. İndiyədək belə halla heç rastlaşmamışdıq. Oriananın qarşısında səma kimi geniş karyera üfüqləri vardı. Gənc qızlarını itirmiş bir ailə üçün bundan böyük faciə düşünə bilmirəm”.