İşğaldan azad edilmiş ərazilərə qeyri-qanuni yolla getmək təhlükəlidir
Elman Məmmədov: "Mən də getmək istəyirəm, 28 ildir ki, həsrətindəyəm. Lakin icazə yoxdursa, qaydaya əməl etmək lazımdır"
Tərtər rayonunun Çaylı adlanan ərazisində 1 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla həmin ərazidə olarkən 1996-cı il təvəllüdlü Samir Əlizadənin minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alaraq hər iki ayağının amputasiya olunması müəyyən edilib. Hazırda faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Azərbaycan dünyada mina və partlamamış hərbi sursatlardan əziyyət çəkən ölkələr sırasında liderlərdən biridir. Qarabağ münaqişəsi həll olunsa da, Ermənistanın Azərbaycana qarşı terror siyasəti davam edir. Təsadüfi deyil ki, 2020-ci ilin 10 noyabr Bəyanatından sonra indiyədək əksəriyyəti mülki şəxslər olmaqla 230-dan çox vətəndaşımız mina hadisəsinin qurbanı olub. Onlar arasında həmin ərazilərdə xidmət aparan sosial-infrastruktur layihələrinin işçiləri və hərbi qulluqçular var. Eyni zamanda 34 mülki Azərbaycan vətəndaşı minaların qurbanı olub. Bu hadisələrin əksəriyyəti isə qayda-qanunlara və müvafiq tələblərə riayət etməməkdən, yaxud səhlənkarlıqdan meydana gəlib.
Mina partlayışlarının sayının artması və mütəmadi belə olayların yaşanması ictimaiyyətin narahatlığına səbəb olur. İddia edilir ki, əgər torpaqlarımızın minalardan tam təmizlənməsi mütəxəssislərin dediyi kimi uzun müddət davam edərsə, qeyri-döyüş şəraitində ölüm halları çoxala bilər. Ona görə də bütün vətəndaşlarımız dövlət qurumlarının çağırışlarına qeyd-şərtsiz əməl etməli, tövsiyə və məsləhətləri qulaqardına vurmamalıdır. Mövcud riskləri nəzərə alaraq bir qədər səbrli olmaq, təmkinli davranmaq daha məqsədəuyğundur.
Millət vəkili Elman Məmmədovun “Şərq”ə açıqlamasına görə, bu istiqamətdə maarifləndirici tədbirlər həyata keçirilməsinə rəğmən işğaldan azad olunmuş torpaqlarımıza giriş-çıxışla bağlı ciddi problemlər var. O yerlərə icazəsiz, qeyri-qanuni yollarla getmək təhlükəlidir:
“Hələ ilk gündən Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərin düşmən tərəfindən minalandığını söyləyib. Eyni zamanda Daxili İşlər Nazirliyi mütəmadi xəbərdarlıq edir, qadağalar qoyur. Həmçinin hərbi postlar var. Minalardan təmizlənməmiş ərazilərə getmək olmaz. İşarələr yerləşdirilib, ordan kənara çıxılmamalıdır.
Bu 30 ildə düşmən hətta qəbirlərə belə mina quraşdırıb. KİV-lərdə maarifləndirmə işləri aparılır, təhlükəli olduğu söylənilir.
Axı riskli olduğunu bilə-bilə niyə gedirsən? 44 günlük müharibədən bu yana həm hərbçilərimiz, həm də mülki vətəndaşlarda qayda-qanuna əməl etməyənlərin içərisində nə qədər ölüm hadisəsi olub.
Bir vətəndaş, bir millət vəkili kimi əhaliyə çağırış edirəm ki, icazəsiz azad olunmuş ərazilərə keçməyin! Mən də getmək istəyirəm, 28 ildir ki, həsrətindəyəm. Lakin icazə yoxdursa, qaydaya əməl etmək lazımdır. Axı qeyri-qanuni gedib, ölənlər, yaralananlar göz qabağındadır. Vətəndaşlarımız nəticə çıxarıb, qaydalara ciddi riayət etməlidirlər”.