İldırım vuran insanlar “Lichtenberg” kabusu yaşayır

İngiltərədə qadının bədəni xəritəyə dönüb

  Yağışlı bir gündə evdəykən insanın başına nə gələ bilər? İngiltərədə yaşayan qadının həyatı məhz yağışlı bir gündə, ildırım çaxmasıyla kabusa dönüb. Telefon zənginə cavab vermək istəyən 30 yaşlı qadın dəstəyi qaldırdığı anda bədəninin sağ tərəfində şiddətli ağrı hiss edib. Ağrıdan bayılaraq yerə yıxılıb. Oyandıqda isə gördüyü mənzərə önündə şoka düşüb. Qadının bədənində yanıq, qızartı izləri vardı. Qarmaqarışıq xətlər, cızıqlar az qala bir xəritəni xatırladırdı. Bunlar ildırım vasitəsilə göy üzündən insan bədəninə düşən izlərdir. 

Hadisədən sonra evə gələn yaxın qohumları qadını xəstəxanaya aparıb. Şüuru yerində olsa da, qadın qarşılaşdığı mənzərə qarşısında şok vəziyyətindən çıxa bilməyib. Həkimlər nə baş verdiyini müəyyənləşdirmək üçün test aparıblar. Məlum olub ki, qadının sağ qulağının pərdəsi zədələnib. Beyin və gözlərlə bağlı dəyişiklik olmayıb. Həkimlər qadının bədənində əmələ gəlmiş xətt və cızıqların səbəbini isə tapa bilməyiblər. Uzun müddət keçdikdən sonra məlum olub ki, bu, tibdə adına “Lichtenberg şəkilləri” deyilən əlamətdir. Əlamətin sirri isə min illər öncədə gizlənir. Alman fiziki Georg Kristof Liktenberq, 1700-cü illərdə bədənində müxtəlif xətlər, cızıqlar ortaya çıxan bir neçə adamla qarşılaşıb. Bu insanların yaşadıqları araşdırıldığında məlum olub ki, onların hər biri fərqli vaxtlarda ildırım vurmasına məruz qalıblar. Fizik bədəndə əmələ gələn şəkillərin ildırım vurması nəticəsində əmələ gəldiyini müəyyən edib. 

Ağac budaqları, or köklərinə bənzəyən bu cür şəkillər dəri altındakı kapilyar damarların partlaması nəticəsində yaranır. Damarların partlamasına isə insanı ildırım vurması səbəb olur. İldırım insan bədəniylə təmas etdikdə isə yaranan gərginlik səbəbindən damarlarda partlama əmələ gələ bilir. Fizik ildırım vurması nəticəsində bədəndə yaranan şəkillərin 24 saat içində itib getdiyini də deyib. Lakin şəkillərin qısa və ya uzun müddət sonra itməsi bədənə düşən elektrik yükünün ağırlığına da bağlıdır. 

Elektrik yükünün həcmi böyük və ağırdırsa, görməni zəiflədə, mərkəzi beyin sistemini zədələyə bilər. İldırım vurması nəticəsində ölənlərin sayı isə 100-də 10 hesablanıb. 

Bu cür hadisələrin 100-də 90-da dəri altında müxtəlif şəkillər əmələ gəlir. Evində olduğu halda telefon xəttiylə ildırım vurmasına məruz qalmış ingilis qadının bədənində əmələ gəlmiş şəkillər də qısa müddətdə silinib. Amma hadisənin psixoloji təsiri uzun müddət davam edib.