Bursada klinikalardan birində dişi çəkilən 5 yaşlı uşaq 3 gün sonra dünyasını dəyişib.
“Şərq” türk mediasına istinadən xəbər verir ki, cümə günü, noyabrın 10-da ailəsi diş ağrısı şikayəti ilə 5 yaşlı Deniz Sönməzi diş klinikaları şəbəkəsinin “Hürriyyət” şöbəsinə aparıb.
Uşağa 4 plomb və 1 diş çəkilişi üçün ümumi anesteziya verilib. Narkozdan sonra otağa aparılan balaca Dənizin qızdırması olub.
Su istəyən Dənizə su verilib, lakin içdiyi suyu geri qaytarıb. Ana Yelena Sönmez deyib ki, 3 dəfə həkim çağırmasına baxmayaraq, yalnız qızdırma salan dərmanlar yazılıb.
Daha sonra Dəniz anası ilə birlikdə evə yola salınıb. Ata Aydın Sönməz bir müddət sonra evə gələndə oğlunun yarı şüurlu inilti səsləri gəldiyini eşidib.
Tez uşaq Bursa Dörtçelik Uşaq xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, Dənizin vəziyyəti ağırlaşıb.
İntubasiya edilən balaca Dənizin orqanlarının sıradan çıxdığı öyrənilib. 3 gün reanimasiyada olan Dəniz ötən gün orqan çatışmazlığından dünyasını dəyişib.
Dəniz dünən göz yaşları içində torpağa tapşırılıb. Ailə hadisədə səhlənkarlıq olduğunu bildirərək şikayət ərizəsi yazıb və ekspertizanın nəticəsini gözləyir.
Stomatoloji klinika rəsmisi yarılma rəyinin gözlənildiyini və səhlənkarlıq olarsa, prokurorluğun lazım olanı edəcəyini bildirib.