Uşaqlar arasında ölüm hallarının artması ciddi məsələdir -Professor

Abşeron rayon Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi vəfat edib.
Medicina.az xəbər verir ki, məktəbli Kərimov Ruslan Elşən oğlu uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Ruslan məktəbin fəal şagirdi və dərs əlaçısı olub.

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a bildirib ki, səbəbi bilinməyən xəstəliklərdə Məhkəmə Tibbi Ekspertiza rəyi lazımdır:
 
“Bir qayda olaraq evdə, xəstəxanada və hər hansı bir yerdə dünyasını dəyişən adam mütləq Məhkəmə Tibbi Ekspertiza müayinəsində olmalıdır, yəni yarılmalıdır. Azərbaycanda isə bu məsələyə ciddi müqavimət var. Avtomobil qəzasında, evdə, xəstəxanada dünyasını dəyişən adamları yarmağa icazə vermirlər. Guya meyidi incitməmək istəyirlər. Ancaq bu absurd fikirdir. Dünyasını dəyişən şəxslərin arxasında dövlət dayanır. Ölüm səbəbi araşdırılmalıdır ki, bu insan kriminal yol ilə yoxsa öz əcəli ilə dünyasını dəyişib. İkincincisi təhşis aparılır ki, hər xəstəlikdən nə qədər insanın dünyasını dəyişdiyi öyrənilsin. Bunların hər biri qeydiyyata alınan məsələlərdən biridir. İnsanların təhşis olunmadan və ölümün səbəbi bilinmədən dəfn edilməsi demoqrafik vəziyyəti ciddi şəkildə şüphə altına alır. Hesab edirəm ki, bu məsələ araşdırılmalıdır. Uşaqlar arasında ölüm hallarının artması ciddi məsələdir. Bu ölüm hallarının nə ilə bağlı olduğu araşdırılmalıdır. Həmçinin hər bir ölüm halı müayinə və təhşis edilməlidir. Bu məsələ çox vacib və önəmlidir”.