Nəsimi rayonunda avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayan şəxs saxlanılıb
Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik cinayətlərinə görə saxlanılmış Ceyhun Nağıyevin rayon ərazisində “Lexus” və “Toyota” markalı avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurladığı müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dövlət qeydiyyat nişanları sahiblərinə qaytarılıb.
Həmin polis şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində bir nəfərə aid kartdan 3 min manat oğurlayan paytaxt sakini Azər Əliyev və avtomobildən 1500 manat pul, bank kartı və sənədlər oğurlayan Kənan Həsənov saxlanılıb.
Nəqliyyat eksperti Aslan Əsədov “Sherg.az”a bildirib ki, bu hadisə çox təəccüblü və təsüfləndirici haldır:
“Bu şəxslər əvvəllər narkotik istifadəsinə görə də saxlanılıb. Onlar qanun qarşısında cavab verəcəklər. Nömrəni oğurlayıb geri qaytarırlarsa, bu artıq xuliqanlıq və oğurluq hadisəsidir. Onların əməllərinə cinayət və inzibati xətalar məcəlləsin istinadən baxıla bilər. Ümumiyyətlə cəza tədbirləri maddənin ağırlığından və cəmiyyətə zərərli təsirindən asılı olaraq dəyişir. Yəni proses məhkəmənin qərarından asılıdır. Həmin şəxslər 6 aydan 1 ilədək azadlıqdan məhrum edilə də bilərlər”.