22 aprel saat 21:00 radələrində Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə 6 nəfər (4-ü qadın cinsli, 2-si kişi cinsli olmaqla) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
Onlara bədənin müxtəlif nayihələrinin travmaları diaqnozu təyin edilib.
Xəsarət alanlardan 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfər öz istəyilə Bakı şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə edilib.
Nəqliyyat problemləri üzrə ekspert Rauf Ağamirzəyev “Sherg.az”a bildirib ki, dünyanın fərqli yerlərində qəzalar olur :
“Bunun səbəbi isə hava şəraiti, yüksək sürət, maşınların nasaz vəziyyətdə olması və təhlükəli manevrlərdir. İnsanlar yola çıxanda maşının saz vəziyyətdə olmasına nəzarət etməli, surəti hava şəraitinə uyğun tənzimləməli və diqqətli olmalıdırlar. Çünki avtomobil özü təhlükə mənbəyi ola bilər. Həyat bizə bir dəfə verilir və daha diqqətli olmaq lazımdır. Avtoban tikilibsə və maneəsiz yoldursa burada qəza baş verirsə o zaman qəzanı detallı araşdırmaq və sürücülük vəsiqəsinin verilməsi qaydalarına təkrar baxılmasına ehtiyac var. Yeni dünya standartlarına istinadən yeni meyarlar müəyyən olunmalıdır. Sürücülərin fərqli vəziyyətlərdə özünü necə aparması əlavə yoxlanış kimi ortaya qoyulmalıdır. Çünki bəzi sürücülərin yollarda davranışları o qədərdə xoş təəssürat bağışlamır və qəza şəraitinə səbəb olur. İstənilən qəzalar individual olaraq araşdırılmalı və səbəblər cəmiyyətə təqdim olunmalıdır ki, növbəti dəfə qəzanın olmaması üçün insanlarda bilgilənsin”.