Dəniz yatağında yuxuya getdi, külək onu dənizə çəkib apardı


Ədirnənin Saros körfəzində  dəniz yatağında yuxuya gedən tətilçi yaxınlarının xəbərdarlığı ilə aparılan axtarışlar nəticəsində sahildən təxminən 2 mil aralıda yatmış vəziyyətdə tapılaraq sahilə çıxarılıb. Hadisə mobil telefon kamerası ilə lentə alınıb.

Sherg.az xəbər verir ki, Yayla kəndinin çimərliyinə istirahətə gələn adı açıqlanmayan şəxs dəniz yatağında yuxuya gedib. Yuxuya gedən şəxsi güclü külək və dalğalar açıq yerə sürükləyib. Çimərlikdə olan qohumları bir müddət sonra kişini görə bilməyəndə, yerləşdikləri obyektin operatorundan kömək istəyiblər.  Operator Mustafa Altunhan və qohumları qayıqla dənizə çıxıb və sahildən təxminən 2 mil aralıda hələ də dənizin üzündə yatan tətilçiyə çatıblar.

Dənizdə yatmağa davam edən şəxs yaxınlarının onu çağırması ilə oyanıb. İstirahətçi yuxudan oyandıqdan sonra qayıqla sahilə aparılıb. 

Mustafa Altunhan ötən ilin iyununda oxşar hadisə ilə qarşılaşdıqlarını və sahildən təxminən 4 mil uzaqlıqda bir şəxsi xilas etdiklərini söyləyib. Altunhan qeyd edib ki, küləkli və dalğalı günlərdə dənizdə ehtiyatlı olmaq lazımdır.