Psixoloq Elmir Əkbər: Əli-Afiyəddin cəmiyyət üçün təhlükəli adamdır

 “Bu yeniyetmə kimlərinsə gələcəyini məhv edə bilər”

“Belə insanlar daim nəzarət altında saxlanmalıdır, həm səhhəti, həm də davranışları. Cəmiyyət içinə buraxılmamalıdır”


Qeyri-adi davranışları ilə bir müddət gündəmdə olan yeniyetmənin sorağı bu dəfə Türkiyədən gəlib. Bu yeniyetmənin adı Azərbaycan dövlət və siyasi xadimi, bir sıra yüksək dövlət vəzifələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışmış, 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilmiş mərhum Afiyəddin Cəlilovla bir hallanır. O, mərhum Afiyəddin Cəlilovun nəvəsidir. Adı Əli-Afiyəddindir və yayılan xəbərlərə görə məktəblidir. Əli-Afiyəddin bu ilin qışında küçədə, ictimai nəqliyyatda, liftdə etdiyi qeyri-adi, qeyri-adekvat hərəkətlərini videoya çəkib sosial şəbəkədə paylaşması ilə gündəmə gəldi. Cəmiyyət isə onu deyil, valideynlərini qınadı. Məlum oldu ki, bu hadisədən sonra yeniyetmə Psixiatriya Xəstəxanasına yerləşdirilib. İndi isə Türkiyədə eyni hərəkətləri təkrarlayaraq ətrafındakı insanları narahat etməsini əks etdirən görüntülər yayılıb. Oxu.az məsələ ilə bağlı Respublika Psixiatriya Xəstəxanasına sorğu ünvanlayıb. Cavab olaraq bildirilib ki, qeyd edilən şəxs xəstəxanaya cari ilin fevralın 1-də yerləşdirilib: “12 günlük müalicədən sonra vəziyyəti yaxşılaşdığı üçün valideynlərinin ərizəsi ilə evə yazılıb”.

Məsələ ilə bağlı “Sherg.az”a danışan psixoloq Elmir Əkbər isə yeniyetmənin cəmiyyət üçün təhlükə daşıdığını vurğuladı: 

- Ötən dəfə də mən bildirdim ki, bu yeniyetmə və onun davranışları cəmiyyət üçün təhlükəlidir. Mən tibbi ekspertizada işləmiş həkim kimi deyə bilərəm ki, prosesin mahiyyətinə vardıqda bu şəxsin psixi problemləri olduğu qənaətinə gəlinir. Həm də təkcə psixoloji-nevroloji yox, hətta cinsəl baxımdan problemləri olduğunu düşünürəm. Buna elmi dildə cinsi qeyri-müəyyənlik deyilir. Bunları diqqətə alaraq şəxsən mən bu adamı cəmiyyət üçün təhlükəli hesab edirəm. Kim zəmanət verə bilər ki, bu şəxs xətaya yol verməyəcək, azyaşlılara qarşı zorakı davranmayacaq, insanlara təcavüz etməyəcək? Bu yeniyetmə kimlərinsə gələcəyini məhv edə bilər. Sabah, birisi gün o, hansısa azyaşlıya və yaxud bir xanıma, yaşlı insana – fərq etmir – kiməsə qarşı daha aqressiv davransa, qarşısıalınmaz bir hərəkətə, sonluğunu dəyişmək mümkün olmayacaq xətaya əl atsa, onu “psixi pozğunluqları olan şəxs” kimi təcrid edəcəklər, amma xətaya məruz qalmış insan bəlkə həyatını itirəcək, bəlkə gələcək həyatı məhv olacaq. Belə insanlar daim nəzarət altında saxlanmalıdır, həm səhhəti, həm də davranışları. Cəmiyyət içinə buraxılmamalıdır. Burada, əlbəttə ki, birinci günahkar onun valideynləridir. Valideynlər ailədə uşaqların psixi sağlamlığına diqqət etmirlər. Səhlənkarlıq edirlər. Baş vermiş hadisələrdə məhz valideynlər məsuliyyət və cavabdehlik daşıyırlar. Və onlar cinayət məsuliyyətinə cəlb olunmalıdır. Əqli sağlamlığında qüsurlar olan şəxslər üçün xüsusi yerlər var. Bu yeniyetməni də belə yerlərə yönləndirmək lazımdır.  Çünki orada nəzarət var, şəxslərin kiməsə xəsarət yetirməsi, təhlükə daşıması minimum olur.