İstanbulun Şişli bölgəsindəki Rum Ortodoks məzarlığında xəzinə axtaranlar həbs olunub.
"Sherg.az" “Milliyet.com.tr”yə istinadən bildirir ki, İstanbulun Şişli bölgəsi, Feriköy məhəlləsindəki Rum Ortodoks məzarlığında bir qrup şəxsin qazıntı işləri aparmasına dair İstanbul polisinə məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları bir məzarın ətrafında qazıntı aparıldığını görüb. Qazıntı işləri aparan 4 nəfər İstanbul Əmniyyət Müdirliyi Asayış Şöbə Müdirliyi əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, bu şəxslər məzarlıq ərazisində izinsiz qazıntı aparır. Məzarın ətrafı 6 metr dərinliyində qazılıb. Ətrafda qırılmış küp parçaları, su qabları və şüşə balon olub. 4 nəfər diqqət çəkməmək üçün məzarlıq ərazisinə 2 avtomobillə Kiçikçəkməcə istiqamətindən daxil olublar. Onların şəxsiyyəti müəyyənləşib və dördü də Əmniyyət Müdirliyinə təslim edilib. Həmin şəxslərin yaşadıqları ünvanlarda da axtarış aparılıb. Mənzillərdə xəzinə yerlərinə aid 48 səhifəlik sənədlər toplusu, qayaların partladılmasında istifadə edilən partlayıcı maddə, qızıl axtarışlarında istifafə edilən cihaz, bel, külüng, odlu silah da aşkarlanıb. Saxlanılan şəxslərin ifadələrindən məlum olub ki, onlar məzarın yanında xəzinə basdırıldığını zənn edib, buna görə də gecə vaxtı ora gələrək qazıntı işlərinə başlayıblar. Həmin şəxslər barəsində ibadətgah və məzarlıqlara zərər vermək suçu ilə cinayət işi açılıb.