12 il əvvəl dostlaşdığı leyləyin düz bir il yolunu gözləyəcək
Bursanın Karacabəy bölgəsində balıqçılıqla məşğul olan Adəm Yılmazın 12 il əvvəl dostlaşdığı leylək köç edib. Leyləyin köçündən kədərləndiyini deyən Adəm Yılmaz növbəti ilin yazına – mart ayınadək leyləyin yolunu gözləyəcəyini deyib.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Yaren adı verdiyi leylək hər il eyni vaxtda, eyni yerdə yuva qurur. Balıqçı Adəm Yılmazla leyləyin dostluğu isə dastana çevrilib. Yaren leylək Bursanın Karacabəy bölgəsində Uluabat gölü sahilindəki Əskiqaraağac məhəlləsinin rəmzidir. Yaren leylək onun gəlişini gözləyənlərin gözünü yolda qoymayaraq hər il göl sahilinə gəlir və balıqçı Adəmin qayığına qonur. Bundan əvvəlsə yerli sakinlər onu göl yaxınlığında yuva qurmuş dişi tayı ilə birlikdə görüblər. Dişi leyləyə də Nazlı adı verilib. Köç mövsümündə leyləklər Əskiqaraağaca gəlir. Leylək barədə danışan Adəm Yılmaz “ayın 6-dan 15-nə qədər öldüm, dirildim; gələcəkmi, gəlməyəcəkmi? Şükürlər olsun, ötənilki tarixdən 11 gün sonra gəldi. Hamını kəndimizə dəvət edirəm. Kənd camaatı çox sevinir, hamımız sevinc içindəyik. Necə xoşbəxt olduğumu ifadə edə bilmirəm”, söyləyən Adəm Yılmaz deyib ki, Əskiqaraağac leyləklərin köç qatarı üstündədir. Hər il burdan minlərlə leylək ötüb keçir. Burada yuva qurub qalanlar da olur. Yarenlə Nazlı burada yuva qurub bala çıxarırlar. Kənd camaatı da onları sevir, qoruyur. Adəm Yılmaz illər öncə Yarenin qayığına qonduğunu xatırlayıb: “Dedim, yəqin acdır, tutduğum balıqlardan ona verdim. O vaxtdan dostlaşdıq. Hər il onun gəlişini həyəcanla gözləyirəm”. Qeyd edək ki, Karacabəy bələdiyyəsi tərəfindən leyləklərin yuvası yaxınlığında kamera quraşdırılıb, bunun sayəsində leyləklər müşahidə altında saxlanılır. İndi isə Yaren leylək dişi tayı ilə birlikdə Eskikaraağacdan köç edib. 3-4 ay əvvəlsə dişi leylək yumurta qoyub və bala çıxarıb. Balalar 1 ay əvvəl uçub gediblər. Yarenlə Nazlı isə avqustun 26-da köç edib. Leyləklərin növbəti ilin martında qayıdacağı bildirilir. Balıqçı Adəm Yılmaz leyləklər üçün çox darıxdığını deyib: “O, elə bil mənim övladımdır. Burada onları qoruyuruq, onlar da bizə alışıb. Hara getsələr də, yazda bura qayıdırlar. Onlar olmayanda gözüm yuvalarında qalır, onların yolunu gözləyirəm ”, söyləyib.