Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, bu gün səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, havada tozun miqdarı normadan 1,5 dəfə artıqdır.
Xidmət rəsmisinin sözlərinə görə, peyk görüntülərinə əsasən müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır: “Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”.
Məsələ ilə bağlı danışan ekoloq Rövşən Abbasov "Sherg.az"a bildirib ki, Bakı şəhərində tozun əsas səbəblərindən biri Abşeron yarımadasının iqliminin kifayət qədər quraq, bitki örtüyünün isə çox zəif olmasıdır:
“Belə ərazilər adətən yaşıllığı olan ərazilərə nisbətən çox tez tozlana bilirlər. Digər tərəfdən ölkəmizin ərazisinə tropik enliklərdən və Xəzər dənizinin şərq sahillərindən, Qaraqum və Qızılqum səhrasından çoxlu tozlanmış havalar gəlir. Bu isə Bakı şəhərində havanın keyfiyyətini pisləşdirir. Başqa bir səbəb isə, şəhərin özündə yaranan tozlardır ki, buna daha çox tikinti şirkətlərinin fəaliyyəti səbəb olur. Əvvəllər nəqliyyat sektorundan havaya daha çox toz daxil olurdu. Yəni yanmış yanacaq havada müxtəlif birləşmələr əmələ gətirərək, toza çevrilirdi. Lakin Avro5 standartlarına keçdikdən sonra nəqliyyatdan atmosferə atılan tozun miqdarı əhəmiyyətli dərəcədə azaldı”.