Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanun əsasında ötən ay müxtəlif ölkələrin 33 vətəndaşını ölkədən çıxarıb.
Sherg.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, xarici ölkə vətəndaşlarının bir hissəsi Gürcüstanı könüllü tərk edib, bir hissəsi isə Miqrasiya İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində ölkədən məcburi çıxarılıb.
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Gürcüstan qanunu əsasında Hindistan, Misir, İordaniya, Türkiyə, İran, Azərbaycan, Avstraliya, Pakistan, Nigeriya və Çin, İraq və Rusiyanın ümumilikdə 33 vətəndaşı ölkədən çıxarılıb.
"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov "Sherg.az"a açıqlamasında deyib ki, ara-sıra Gürcüstanın müvafiq qurumlarının Azərbaycan və digər ölkərin miqrantları üçün sərt qərar verdiklərini eşidirik:
“Ancaq bu kütləvi formada olmur. Çünki Gürcüstanın iqtisadiyyatı əsasən turizmdən gələn gəlir vasitəsilə formalaşır. Düşünmürəm ki, hər hansı formada Gürcüstan hökuməti ayrıseçkiliyə yol versin.Ola bilər ki, bu informasiyanı hansısa vədlə daxil ediblər ki, iki dövlət arasında gərginliyə səbəb olan vəziyyət yaransın. Zaman zaman bu tipli informasiyaları dövriyyəyə buraxırlar. Ona görə də məlumatın kökünü araşdırmaq lazımdır. Əgər Gürcüstan hökuməti çıxarılma barədə qərar qəbul edibsə, düşünürəm ki, bunun ciddi əsasları var. Dövlət turizmdən nə qədər gəlir əldə etmək istəyində olsa belə, qanun qanundur. Miqrasiya qaydalarının pozulma halı varsa, müvafiq qaydada cəzalandırılır. Gürcüstanla Azərbaycan arasında kifayət qədər intensiv miqrasiya mübadiləsi mövcuddur. Pandemiya dönəmində quru sərhədlərinin bağlı olması və bu günə qədər prosesin davam etməsi fonunda iki dövlət arasında miqrasiya mübadiləsi daha çox hava yolları ilə həyata keçirilir. Bu elə də miqrant axınına səbəb olmur. Pandemiyaya qədər daha yüksək göstəricilər olub. Lakin son iki üç il ərzində statistikanın artdığınının şahidi oluruq. Nə qədər miqrasiya mübadiləsinin göstəricilərinin həcmi artarsa, bir o qədərdə qeyri qanuni miqrant qismində ölkə ərazisində yaşamaq niyyətində olan insanların sayında artım ola bilər. Bu isə həmin dövlətin miqrantlarla bağlı sərt qərarların qəbul olunmasına gətirib çıxarır. Düşünürəm ki, bu hal həmin vəziyyətlərdən biri ola bilər. İnanmıram ki, bu kütləvidir. Bizim diaspor təşkilatları, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan səfirliyi bu məsələni xüsusi nəzarərə götürməlidir”.