Bakıda restoranların birində R.Hacıyev 654 manatlıq hesabı ödəməkdən imtina edərək qaçmaq istəyib.
"Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 8-də Binəqədi rayonunda baş verib.
Qeyd edək ki, R.Hacıyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, bu həm dələduzluq, həm də insani keyfiyyətlərin əksikliyindən yaranmış vəziyyətdir:
“Normal insan cibinə uyğun sifariş verərək, gələcək sifarişin də məbləğini təxmin edir. Ancaq cibində sifarişin pulunu ödəyəcək qədər məbləğ yoxdursa, bu qədər sifariş etmək normal insani keyfiyyət deyil. Bir insanın 654 manatlıq nə sifariş etdiyi də sual altındadır. Yəqin ki, bir nəfərlik yox, bir çox porsiya sifariş etdiyi üçün bu qədər hesab gəlib. Cibindəki pula görə davranmaq insanın ən gözəl xüsusiyyətidir. Yəni gözütoxluq göstəricisidir. Əgər cibində 10 manatın varsa, sifariş də o civarda olmalıdır. 654 manat sənin cibindən çıxmayacaqsa, nəyə güvənərək bu məbləğdə sifariş edirsən. Bəziləri deyəcək ki, ac imiş qarnını doyurmaq üçün belə edib. Qarnı ac olan insan 10 manatlıq sifarişlə də doyar. Belə hərəkət etmək etinasızlıq, dələduzluq və insana yaraşmayan hərəkətdir. Bunun müqabilində ya cərimələnərək polis tərəfindən pul geri alınacaq, ya da cəza tətbiq ediləcək. Bir qarın yeməkdən ötrü dəyməzdi”.