Komissiya: Separatçı rejim antiterror əməliyyatına qədər Xocavənd, Xocalı və Ağdərədə kütləvi məzarlıqları məhv edib

“Üçtərəfli Bəyanatın imzalanmasından 2023-cü il sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatına qədər olan müddətdə separatçı rejim tərəfindən Dövlət Komissiyasına və BQXK-ya məlum olan bir neçə kütləvi məzarlıq məqsədyönlü şəkildə məhv edilib. Buna misal kimi Xocavənd rayonu, Qaradağlı kəndi, Xocalı rayonu, Dəhraz kəndi və Ağdərə rayonu, Sırxavənd kəndində Dövlət Komissiyasına məlum olan məzar yerlərini göstərmək olar”.

APA xəbər verir ki, bunu “Ailələrin “həqiqəti bilmək” hüququnun müdafiəsi və onların ehtiyaclarının qarşılanması” mövzusunda paneldə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov deyib.

O bildirib ki, hazırda Dövlət Komissiyasının qarşısında duran əsas vəzifə I və II Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsidir: “Dövlət Komissiyası itkin şəhidlərin taleyinin aydınlaşdırılmasını yalnız dövlət büdcəsindən ayrılan vəsait hesabına edir. Dünyada isə bəzi təşkilatlar buna vəsait ayırır. Təəssüf ki, biz hələ belə donor təşkilatlardan dəstək almamışıq”.