ABŞ Məhkəməsindən ilginc açıqlama: "Fillər insan deyil"


Ali Məhkəmə ABŞ-ın Kolorado ştatındakı Çeyen dağ zooparkında yaşayan 5 filin azadlığa buraxılması üçün açılan iddianı rədd edib. Məhkəmə, fillərin qanuni olaraq "insan" sayıla bilməyəcəyinə qərar verib.

Sherg.az xəbər verir ki, ABŞ-ın Kolorado ştatında heyvanların hüquqları uğrunda mübarizə  məhkəməyə qədər gedib çıxıb.

Beş filin azadlığı üçün açılan iddia məhkəmənin rədd edilməsi ilə nəticələnib.

Heyvanların hüquqlarını müdafiə edən Qeyri-İnsan Hüquqları Layihəsi (NRP) Missy, Kimba, Lucky, LouLou və Jambo adlı fillərin zooparkda əsirlikdə saxlandıqlarını əsas gətirərək, onların fil sığınacağına köçürülməsini tələb edərək məhkəməyə müraciət edib.

Qrup, fillərin emosional və koqnitiv cəhətdən inkişaf etmiş canlılar olduğunu ifadə edərək, onların azadlıqlarının insanlara verilən "habeas korpus" prinsipi ilə təmin edilməsinə çağırıb.

Lakin Kolorado Ali Məhkəməsi "habeas korpus"un fillərə şamil oluna bilməyəcəyinə qərar verdi. Hakimlərdən biri Maria Berkenkotter deyib ki, fillər nə qədər intellektli və sosial olsalar da, hüquqi şəxs statusuna malik deyillər.

NRP zooparkın vəziyyətini tənqid edərək, fillərin xroniki stress, travma və beyin zədələnməsindən əziyyət çəkdiyini iddia edib. Qrup, bu ağıllı heyvanların təbii yaşayış mühitinə uyğun bir sığınacağa köçürülməsinin vacib olduğunu bildirib.

Zoopark rəhbərliyi fillərin əsirlikdə olması ilə bağlı iddiaları təkzib edib. Məhkəməyə təqdim edilən sənədlərdə fillərin "fövqəladə qayğı və sevgi" gördüyü iddia edilirdi. Ali Məhkəmənin qərarını alqışlayan zoopark rəsmiləri işi “əsassız” adlandırıb və bunun vaxt və maliyyə resursları itkisi olduğunu bildiriblər.

NRP qərarın heyvanların azadlıq hüquqları uğrunda mübarizəni dayandırmayacağını bildirib. "Bu, möhkəmlənmiş status-kvoya qarşı mübarizəmizin bir mərhələsidir. Biz qeyri-insani şəxslərin azadlıq hüququnun tanınması üçün işləməyə davam edəcəyik”.

NRP daha əvvəl Nyu-Yorkdakı Bronx Zooparkında fil olan Happy-yə qarşı oxşar iddia qaldırmışdı, lakin bu iş də nəticəsiz qalıb.