İstanbul dialoqu hələ başlanğıcdır
Tramp və Putin görüşü gec-tez baş tutacaq
Rusiya Xarici İşlər Nazirliyi İstanbul görüşündə əldə olunan razılaşmaları açıqlayıb. Rusiya XİN-dən bildirilib ki, Rusiya və ABŞ İstanbulda keçirilən danışıqlarda diplomatik missiyaların maneəsiz maliyyələşdirilməsini təmin etmək və “diplomatların öz rəsmi vəzifələrini yerinə yetirmələri üçün müvafiq şərait” yaratmaq üçün birgə addımlar barədə razılığa gəliblər. Qeyd olunub ki, İstanbul görüşündə nümayəndə heyətlərinə Aleksandr Darçiyev və Sonata Kulter rəhbərlik edib. Tərəflər digər məsələlərlə yanaşı, 2016-2018-ci illərdə müsadirə edilmiş diplomatik əmlakın Rusiyaya qaytarılmasını müzakirə ediblər. Məsləhətləşmələr məzmunlu və işgüzar şəkildə keçirilib. Moskva və Vaşinqtonun bu kanal vasitəsilə dialoqu davam etdirəcəyi vurğulanıb.
Professor, siyasi şərhçi Fikrət Sadıqov "Sherg.az"a deyib ki, Türkiyənin Rusiya, Ukrayna və Qərblə münasibətləri normaldır. Ekspert vurğulayıb ki, Türkiyə həm də NATO üzvüdür:

"Türkiyə ərazisində belə bir görüşün keçirilməsi tam məqsədəuyğundur. Görüşün İstanbulda, ABŞ-nin baş konsulluğunda keçirilməsi diqqətçəkəndir. Türkiyə ABŞ-Rusiya danışıqlarına sağlam bucaqdan baxdığına görə, onun yanaşması hər iki tərəfi qane edir. Əlbəttə, görüşdə hansısa sazişin imzalanması gözlənilmirdi. Çünki burada söhbət diplomatik nümayəndəliklərin fəaliyyətinin bərpa olunmasından gedirdi. Yüzlərlə diplomat, həm Moskvadan, həm də Vaşinqtondan qovulub. Demək olar ki, səfirliklər işləmirdi, fəaliyyət göstərmirdi. Diplomatik münasibətləri bərpa etmək lazım idi. Bir sıra məsələlərə məhz diplomatik müstəvidə aydınlıq gətirilə bilər. Səfirliklər fəaliyyət göstərirsə, deməli, münasibət, ünsiyyət var. Çox problemli məsələ sayılırdı, çünki hər tərəfin öz şərtləri var idi. Düşünürəm ki, 6 saat yarım davam edən danışıqlar zamanı tərəflər müəyyən razılığa gəliblər. Amma hesab etmirəm ki, görüşdə digər məsələlər ciddi müzakirə mövzusu olub. İlkin müzakirə predmeti münasibətlərin bərpa olunmasıdır. Donald Trampın xarici siyasətdə yeni prioritetləri var. Bayden administrasiyasından fərqli olaraq Tramp Rusiyaya müəyyən jestlər edir. Təbii ki, növbəti görüşlərdə birbaşa Ukrayna məsələsini müzakirə edəcəklər. Ukraynanın da öz şərtləri var. İşğala məruz qalmış dövlətdir. Ona görə də həm ABŞ, həm də Rusiya Kiyevin tələbləri ilə hesablaşmalıdır".
Analitik qeyd edib ki, o, Tramp və Putin görüşünün gec-tez baş tutacağına şübhə etmir:
"Liderlər arasında telefon danışığı olub və bu, mühüm amildir. Putinlə Bayden arasında telefon əlaqəsi, birbaşa danışıq olmamışdı. Digər tərəfdən Ər-Riyadda da konsturktiv görüş keçirildi. Düzdür, bu, Ukraynanı qıcıqlandırır. Çünki Ukrayna görüşlərdə iştirak etmir. Reallığı da nəzərə almaq lazımdır. Məsələ ondadır ki, ilkin görüşlərdə birbaşa Ukrayna müzakirə olunmur. Təbii ki, Ukraynanın taleyi Ukraynanın iştirakı ilə müzakirə olunmalıdır. Bir məqamı da qeyd edim ki, İstanbul görüşündə tərəfləri təmsil edən şəxslər elə də yüksək statusa malik deyildilər. Məsələn, görüşdə ABŞ tərəfdən Dövlət katibinin müavininin köməkçisi, Rusiya tərəfdən isə XİN-in Şimali Amerika Departamentinin direktoru iştirak ediblər. Yəni belə görüşdə Ukrayna ilə bağlı ciddi müzakirələrin aparılmadığı aydındır. Onların gündəliyi ikili əlaqələrin bərpası, diplomatların qarşılıqlı fəaliyyətini təmin etmək olub".