Dünən Türkiyənin Niğdə bölgəsində 14 yaşlı Abdurrahman Özkul, işlədiyi fabrikin birində qolunu mişar maşınına ilişdirərək həyatını itirib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, bu hadisə ilə birlikdə son bir həftədə 3, son bir ildə isə 71 uşaq işçi iş zamanı həyatını itirib.
14 yaşlı Yusuf Mısri, 13 aprel tarixində Konyada qazma işləri görülən bir quyuda, 17 yaşlı Mehmet Özarslan isə Kayseridə qum ocağında işləyərkən vəfat edib.
Türkiyə qanunlarına görə, 15 yaşından aşağı uşaqların işlədilməsi qanunsuzluqdur. 16-18 yaş arası gənclərin isə təhlükəli işlərdə çalışdırılması qadağandır.
İşçi Sağlamlığı və İş Təhlükəsizliyi Məclisinin (İSG) hazırladığı hesabatda qeyd olunur ki, keçən il 71 uşaq iş yerində ölüb.
İSG Məclisinin koordinatoru Murat Çakır, bu faciələrin əsas səbəbinin yoxsulluq olduğunu bildirib. O deyib:
“Uşaq əməyinin təcili şəkildə tamamilə qadağan olunması vacibdir. Ən ağır hüquqi və cəza tədbirləri tətbiq edilməlidir.”