Səfir: Türkiyə-Azərbaycan münasibətləri özünün ən mükəmməl dövrünü yaşayır

Türkiyə-Azərbaycan münasibətləri tarixdə olmadığı qədər özünün ən mükəmməl dövrünü yaşayır.
APA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda keçirilən “Türkiyə-Azərbaycan Qardaşlıq Forumu”nda deyib.
Səfir bildirib ki, bunun təməlində qardaşlıq əlaqələri dayanır.

“Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi, “Bir millət, iki dövlət”, eyni zamanda, Atatürkün söylədiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” bizim təməl şüarlarımızdır”, - diplomat qeyd edib.

Diplomat deyib ki, 44 günlük Vətən müharibəsi anbaan türkiyəli jurnalistlər tərəfindən Türkiyədə göstərildi, izlənildi: "Media nümayəndələrinin bir araya gəlməsi 15 iyul kimi xain hadisələrin bir daha yaşanmaması, yaşansa da, bu çətinlikləri bərabər aşmağımız üçün çox önəmlidir".

Səfir diqqətə çatdırıb ki, bu gün hər iki ölkənin dövlət başçıları cənab Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyev birlikdə hərəkət edirlər: “Liderlərimizin də dediyi kimi, bu qardaşlıq sarsılmazdır. Bu qardaşlığı bizim xalqlarımız istəyir. Digər tərəfdən, hazırda qlobal dünya sistemi yenidən qurulur. Türkiyə və Azərbaycanın birlikdə hərəkət etməsi vacibdir”.