ABŞ-də ICE əməkdaşı avtomobillə yolu bağlayan qadını güllələyib.
Teleqraf xəbər verir ki, Minneapolis şəhərində ABŞ-nin İmmiqrasiya və Gömrük Nəzarəti Xidməti (ICE) əməkdaşı avtomobillə yolu bağlayan qadını güllələyib.
Hadisə barədə "ABC News" məlumat yayıb. ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin sözçüsü Trişa Maklaflinin sözlərinə görə, qadın guya avtomobillə hüquq-mühafizə orqanlarının əməkdaşlarını vurmağa cəhd edib.
Minneapolis şəhərinin meri Ceykob Frey isə bildirib ki, ICE əməkdaşının hərəkətləri özünümüdafiə sayıla bilməz. O, federal miqrasiya agentlərini şəhəri tərk etməyə çağırıb.
Şəhər polisinin açıqlamasına əsasən, qadın avtomobilində olub və yolu bağlayıb. Bir müddət sonra federal agent ona yaxınlaşıb, avtomobil hərəkətə başlayıb və ən azı iki atəş açılıb. Nəticədə maşın yol kənarına çıxıb.
Qeyd edək ki, ötən ilin dekabrında Minnesota ştatının Sent-Pol şəhərində də ICE əməkdaşı qeyri-qanuni miqrantın saxlanılması zamanı silah tətbiq etmişdi.