Culfada səs-küy salan çoban həbs edildi

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda səs-küy salan şəxs həbs edilib.

Teleqraf-ın xəbərinə görə, hadisə rayonunun Bənəniyar kəndində baş verib. Kənd sakini, 1987-ci il təvəllüdlü Səməd Bayramov (ad-soyad şərti verilib - red.) ucadan səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Bayramov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, rayonunun Bənəniyar kəndində yaşayır, çobandır: “Dekabrın 12-də kənddə küçədə olarkən bir az fikirli olduğum üçün özümdən asılı olmayaraq ucadan səs-küy saldım, ünvansız nalayiq ifadələr işlətdim. Bu zaman həmin ərazidə olan polis əməkdaşları mənə yaxınlaşaraq ictimai qaydanı pozduğumu bildirdilər. Mən də əsəbləşdim, bir az da qışqırmağa başladım. Bu zaman polis əməkdaşları məni polis avtomobilinə əyləşdirdilər və Culfa Rayon Polis Şöbəsinə gətirdilər. Hərəkətlərimdən peşmanam. Bir daha belə hərəkətlərə yol verməyəcəyimə söz verirəm”.

Culfa Rayon Məhkəməsinin qərarı ilə Bayramov 12 gün müddətinə inzibati qaydada həbs edilib.