İndoneziyada güclü zəlzələ: azı 20 nəfər ölüb, 2 min nəfər təxliyə edilib

İndoneziyanın Flores adası yaxınlığında 7,7 maqnitudalı güclü zəlzələ baş verib. Təbii fəlakət nəticəsində azı 20 nəfər ölüb, təxminən 2 min nəfər təxliyə edilib.

Sherg.az xəbər verir ki, bu barədə Reuters İndoneziyanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentliyinə (BNPB) istinadən məlumat yayıb.

Məlumata görə, xilasedicilər Maumere liman şəhəri ərazisində ölənlərin cəsədlərini aşkar ediblər. Ən azı 6 nəfərin yaralandığı, 2 nəfərin isə dağıntılar altında qaldığı bildirilir.

Zəlzələnin episentrinə yaxın yerləşən Şərqi Nusa-Tenqara əyalətinin Naqakeo dairəsində təxminən 2 min sakin təxliyə edilib. Bir sıra evlərə, anbarlara və hökumət binalarına ziyan dəyib.

Bölgədə yollarda tıxac yaranıb, bəzi ərazilərdə elektrik enerjisi və rabitə ilə bağlı problemlər müşahidə olunur. Torpaq sürüşmələri səbəbindən xilasedicilər zərərçəkən ərazilərdən birinə avtomobillə çata bilməyib.

Qeyd edək ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) şənbə gecəsi Flores adası yaxınlığında 7,7 maqnitudalı zəlzələ qeydə alındığını açıqlayıb.