Qubada doğuş zamanı ana və körpəsinin ölümünə rəsmi REAKSİYA - YENİLƏNİB

Pasiyent tibb müəssisəsinə daxil olarkən kritik ağır - aqonal vəziyyətdə olub.
Bu barədə Oxu.Az-a Quba Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, 17.10.2022-ci il tarixində saat 01:30-da təcili tibbi yardım avtomobili ilə 1981-ci il təvəllüdlü 34-35 həftəlik hamilə olan Q.P. Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Quba Regional Perinatal Mərkəzinə yerləşdirilib. Pasiyent tibb müəssisəsinə daxil olarkən kritik ağır - aqonal vəziyyətdə olub.
Mərkəzin Qəbul bölməsinə yerləşdirilən xəstəyə həkim heyəti tərəfindən ilkin tibbi yardım göstərilib. İlkin müdaxilə zamanı pasiyentdə hemorragik şok, uşaqlığın çapığının cırılması və onun bətnində ölü döl olduğu məlum olub. Pasiyentə göstərilən bütün tibbi xidmətlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

10:38

Quba rayonunda ana və körpəsi ölüblər.

Oxu.Az xəbər verir ki, hadisə Quba Regional Perinatal Mərkəzdə qeydə alınıb.

Mərkəzdə Xaçmaz sakini 1981-ci il təvəllüdlü P. Qasımovaya göstərilən tibbi xidmətə baxmayaraq onun və körpəsinin həyatını xilas etmək mümkün olmayıb.

Baş Prokurorluqdan Oxu.Az-a bildirilib ki, faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.