Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu, Şahin Hüseynov küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Sherg.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m. olan fərdi yaşayış evində, ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış dalğasının təsirindən fərdi yaşayış evinin ümumi sahəsi 30kv.m. olan bir otağında pəncərələrin şüşəsi sınıb, otağın lambirdən ibarət tavanı dağılıb, ev sahibi müxtəlif dərəcəli xəsarətlər alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.