Taylandın kənd bölgəsində yaşayan bir ailənin ev iti çöldə tapdığı əl qumbarasını evə gətirib. Ailə təhlükəni vaxtında fərq edərək aidiyyəti qurumlara məlumat verib. Hadisə yerinə gələn bomba zərərsizləşdirmə qrupları sursatı təhlükəsiz şəkildə məhv ediblər.
Sherg.az xəbər verir ki, hadisə Taylandın şimal-şərqində yerləşən Sisaket əyalətində baş verib. Ev sahibi Runqnapa Duanqta bildirib ki, günorta saatlarında evə qayıdarkən girişdə paslanmış, yumru bir əşya görüb. Əlinə götürdükdə üzərində təhlükəsizlik çəngəlini görərək bunun əl qumbarası olduğunu anlayıb.
Onun sözlərinə görə, evdə olan nənəsinin dediyinə əsasən, it qumbaranı səhər saatlarında çöldən gətirib və uzun müddət onu dişləyib. Ailə üzvləri isə həmin əşyanı sümük və ya plastik parçası hesab ediblər.
Məlumat əsasında hadisə yerinə polis və partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssislər cəlb olunub. Araşdırma zamanı sursatın Çin istehsalı olan “Type 82-2” markalı qəlpəli əl qumbarası olduğu və köhnə olmasına baxmayaraq hələ də aktiv vəziyyətdə qaldığı müəyyən edilib.
Bomba zərərsizləşdirmə qrupları qumbaranı yaşayış məntəqəsindən uzaq əraziyə apararaq nəzarətli şəkildə partladıblar. Partlayış nəticəsində ərazidə təxminən 30 santimetr dərinliyində və 60 santimetr enində çuxur əmələ gəlib.
Polis rəisi Çayvat Tammavat bildirib ki, hadisənin baş verdiyi ərazi əvvəllər hərbi təlim sahəsi kimi istifadə olunub. O, bu hadisənin vətəndaşlar üçün ciddi xəbərdarlıq olduğunu vurğulayaraq, şübhəli partlayıcı qurğular, sursat və ya hərbi ləvazimatlarla rastlaşdıqda onlara toxunmamağı və dərhal aidiyyəti qurumlara məlumat verməyi tövsiyə edib.