Yeni il şənlikləri Almaniyada faciə ilə nəticələndi: Ölənlər var

Almaniyada yeni il şənlikləri zamanı istifadə olunan pirotexniki vasitələrin səbəb olduğu qəzalar nəticəsində 2 nəfər ölüb, çox sayda insan yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Alman Xəbər Agentliyi (dpa) məlumat yayıb.

Bildirilib ki, Bielefeld şəhərində 18 yaşlı iki gənc özlərinin hazırladığı partlayıcı vasitə nəticəsində ölüb.

Rostok yaxınlığında fişəngin partlaması nəticəsində 23 yaşlı bir kişi sol əlini itirib.

Berlində 25 nəfər əl xəsarətləri və barmaqların qopması şikayətləri ilə təcili tibbi yardım xidmətlərinə müraciət edib. Onlardan 8-i ciddi xəsarətlər alan uşaqlardır.

Məlumata görə, yeni il gecəsi baş verən hadisələr səbəbindən təcili yardım xidmətləri gərgin iş rejimində işləyib.

Berlində yeni il tədbirlərində təhlükəsizliyin təmin olunması üçün 4 min 300 polis əməkdaşı cəlb edilib. Tədbirlər zamanı fişənglərin dəyməsi və ya şübhəlilərə müdaxilə zamanı 20 polis əməkdaşı yüngül xəsarət alıb.

Berlin polisi müxtəlif insidentlərlə əlaqədar təxminən 400 nəfərin müvəqqəti olaraq saxlanıldığını, gecə ərzində isə çox sayda qanunsuz pirotexniki vasitələrin müsadirə edildiyini açıqlayıb.