Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə video çəkərək sosial şəbəkələrdə yayan və polis tərəfindən həbs olunan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, təqsirləndirilən şəxslərin hər birinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini və cəza çəkildikdən sonra onların ölkədən məcburi çıxarılmasını təklif edib.
Zərərçəkən şəxslər şikayətçi olmadıqlarını bildirib, təqsirləndirilən 3 nəfərin bağışlanılmasını istəyib.
Vəkillər çıxışa hazır olmadıqları üçün məhkəmədən vaxt istəyiblər.
Növbəti məhkəmə prosesi dekabrın 16-na təyin edilib.
İttihama görə, sözügedən şəxslər bu il avqustun 16-da saat 17:00 radələrində Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər. Şəhid məzarlarının üzərindəki gülləri təpikləyiblər.
Qeyd edək ki, bu ilin avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmasından sonra Səbail Rayon Polis İdarəsində araşdırma aparılıb.
Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Təqsirli bilinən şəxslərin barəsində Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.