Ekspert: Azərbaycan ordusunun döyüş potensialı üzrə reytinqi artmaqda davam edir

Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb.
Bunu ABŞ-ın “U.S. News and World Repоrt” nəşri tərəfindən təqdim olunan məlumatlar əks etdirir.
Siyahıda ilk sıralarda Rusiya, ABŞ, İsrail, Çin, Böyük Britaniya, Almaniya, Türkiyə, Ukrayna orduları yer alıb. Eyni zamanda siyahıda Azərbaycan Ordusu 29-cu yerdə qərarlaşıb. “U.S. News and World Repоrt” Azərbaycan haqqında digər məlumatları da təqdim edib.
Qeyd edilir ki, Azərbaycan Qafqaz regionunda, Avropa və Asiya sərhədində yerləşən ölkədir. Coğrafi kəsişmədə yerləşən ölkə 1918-ci ildə, Birinci Dünya Müharibəsindən sonra ilk dəfə, demokratik respublika olmazdan əvvəl bir çox imperiyaların hakimiyyəti altında olub. Ancaq müstəqil olduqdan cəmi iki il sonra SSRİ-nin tərkibinə daxil edilib. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycan yenidən müstəqil respublika olub. Əhalinin əksəriyyəti etnik azərbaycanlılardır. Vətəndaşların əksəriyyəti müsəlman olsa da, Azərbaycan dini etiqad azadlığına zəmanət verən dünyəvi dövlətdir. Azərbaycan Prezident Respublikası hesab olunur. Ölkə təbii ehtiyatlarla zəngindir və iqtisadiyyatı əsasən neft və digər enerji ixracına əsaslanır. Azərbaycan yüksək iqtisadi inkişaf və savadlılıq səviyyəsinə malik gəlirli ölkə hesab olunur.
Qeyd edək ki, Banqladeş siyahıda 30-cu, Kolumbiya 31-ci, Kanada 32-ci, İtaliya 34-cü yeri tutur. Ermənistan və Gürcüstan siyahıda yer almayıb.                    

 Hərbi ekspert Ədalət Verdiyev "Sherg.az"a açıqlamasında bildirib ki, son illər Azərbaycan ordusunun döyüş potensialı üzrə reytinqi artmaqda davam edir:
                     
"Bu nəticə "Vətən Müharibəsi" və ondan sonrakı əməliyyatlarda əldə etdiyimiz qələbə ilə əlaqədardır. Həmçinin, Ali Baş Komandan İlham Əliyev dövlət quruculuğu sahəsində ordu ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlayır. Orduya ayrılan xərclər hər il durmadan artır. Azərbaycan ordusunun maddi-texniki bazasını gücləndirmək üçün Azərbaycan kifayət qədər geniş imkana, siyasi iradəyə malikdir. Əvvəlki illərdə dərc olunan reytinqlərdə ilk 50 güclü ordu arasında yer alan Azərbaycanın hazırda 29-cu pilləyədək yüksəlməsi birmənalı olaraq keçən il silahlı qüvvələrimizin keçirtdiyi "Antiteror əməliyyat"-ı ilə bağlıdır. "Antiterror əməliyyatı" unikal idi. Çünki daha öncə tez bir zamanda bu böyüklükdə ərazilər separist və terrorçulardan təmizlənməyib. Bu nailiyyətə ilk dəfə Azərbaycan ordusu nail olub. Böyük ehtimal, beynəlxalq təşkilatlar gec olsa da ordumuzun döyüş imkanlarını diqqətə almaq məcburiyyətində qalıblar. Hazırda Azərbaycan ordusu 21-ci əsrin tək qalib ordusudur. Fikrimcə, Ali Baş Komandanın ordumuza ayırdığı qayğı sayəsində reytinq cədvəllərində mövqeyi daha da üst səviyyələrdə yer alacaq".