Almaniya XİN başçısı: Bakıda yekun sənədin razılaşdırılması vacibdir, qitələrarası koalisiya yaradılmasını təklif edirik

İqlim dəyişikliyinin planetin müxtəlif nöqtələrinə vurduğu zərərlərin və səbəb olduğu geosiyasi problemlərin həcmi böyükdür.
APA-nın xəbərinə görə, bunu bu gün COP29 çərçivəsində Bakıda keçirilən mətbuat konfransında Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok bildirib.

Annalena Berbok deyib ki, beynəlxalq ictimaiyyət olaraq, Paris Razılaşmasının tələblərinə uyğun 1,5 dərəcəlik hədəfə nail olmaq üçün səyləri artırmaq lazımdır: “Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında həlledici mərhələyə yaxınlaşmışıq. Yekun sənəd hələ hazır deyil, lakin onun razılaşdırılması vacibdir. Bu sahədə ən kiçik irəliləyiş belə son dərəcə vacibdir. Biz qitələrarası iqlim koalisiyasının yaradılmasını təklif edirik. Bu, bir ölkənin təkbaşına mübarizə aparacağı problem deyil. İqlim maliyyəsi sahəsində razılaşmanın əldə olunması iqlim dəyişikliyi problemi ilə üzləşən ölkələrin ehtiyaclarının ödənilməsi üçün çox vacibdir. Hər bir iqlim konfransında mitiqasiya və adaptasiya tədbirləri həyata keçirilir. İndiyədək bərpa olunan enerji mənbələrinə 2 trilyon dollaradək investisiya yatırılıb. Avropa İttifaqı hesab edir ki, Avropa iqlim maliyyəsi və bu sahəyə sərmayələrin yatırılmasında güclərini birləşdirməlidir. Biz Avropanı iqlim kontinentinə çevirməliyik".