İran xarici işlər naziri Abbas Əraqçi ölkəsində hökm sürən böhran kontekstində ABŞ-yə sərt xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, bu barədə o, “The Wall Street Journal”da dərc olunmuş və sonradan nəşrin saytından çıxarılan məqaləsində bildirib.
Diplomat məqalədə İranda baş verən zorakılıqlara görə etirazçıları günahlandırıb.
Əraqçi 2025-ci ilin iyununda İran və İsrail arasındakı 12 günlük müharibəyə toxunaraq yazıb:
“İranın 2025-ci ilin iyun ayında nümayiş etdirdiyi təmkinlilikdən fərqli olaraq, yenidən hücum etsələr, güclü silahlı qüvvələrimiz sərəncamlarında olan bütün arsenalla cavab verməkdən çəkinməyəcək”.
Nazirin sözlərinə görə, budəfəki tammiqyaslı müharibə amansız olacaq, İsrail və ABŞ-nin gözlədiyi müddətdən daha uzun davam edəcək. Əraqçi əlavə edib ki, mümkün müharibə bütün Yaxın Şərqi əhatə edəcək və dünyanın hər yerinə təsir göstərəcək.