Paşinyan Avropaya yönəlirsə, aclıq təhlükəsi var
Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma cəhdləri hələ 2000-ci illərin ortalarından etibarən müşahidə olunmağa başlayıb. İlkin mərhələdə bu kurs strateji seçimdən çox, Rusiyadan asılılığı azaltmaq üçün alternativ yol kimi formalaşıb. Lakin 2025-ci il aprelin 4-də prezident Vaaqn Xaçatryanın Aİ-yə üzvlük prosesinin başlanmasını hüquqi baxımdan təsdiqləməsi, bu siyasəti yeni mərhələyə daşıyıb. Həmin vaxtdan etibarən Moskva İrəvanın xarici siyasətindəki dəyişikliklərə narazılıq nümayiş etdirməyə başlayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlaması isə Kremlin mövqeyinin daha da sərtləşdiyini ortaya qoyur. Onun “Ermənistan eyni vaxtda həm Avropa İttifaqının, həm də Avrasiya İqtisadi İttifaqının üzvü ola bilməz” bəyanatı, rəsmi İrəvan qarşısında manevr imkanlarının daraldığını nümayiş etdirir. S.Lavrov Aİİ-yə üzvlük dövründə Ermənistanın Ümumi Daxili Məhsulunun (ÜDM) iki dəfədən çox yüksəldiyini xatırladaraq, Avropa İttifaqına yönəlmənin iqtisadi riskləri artıra biləcəyinə işarə edib.
Mövzu ilə bağlı politoloq Fuad Abbasov Sherg.az-a açıqlamasında bildirib ki, S.Lavrov Ermənistanı Avropa ilə Rusiya arasında seçim qarşısında qoyur:
“S.Lavrovun son açıqlaması İrəvana ünvanlanan açıq siyasi mesajdır. Moskva Ermənistandan qeyri-müəyyənliyə son qoyulmasını tələb edir. Avropa İttifaqı və Ermənistanda güclənən frankaponiya yönlü siyasi dairələr Rusiyanın Ermənistanın gələcəyində iştirakına qarşı çıxsa da, real iqtisadi göstəricilər fərqli mənzərə ortaya qoyur. Müqayisə üçün qeyd etmək lazımdır ki, Avropa İttifaqının Ermənistan iqtisadiyyatındakı payı cəmi 4-7 faiz arasında dəyişir. Halbuki ölkəyə yönələn xarici investisiyaların 40 faizdən çoxu Rusiyanın payına düşür. Paşinyan nə qədər “avropasayağı” bəyanatlar versə də, reallıq ondan ibarətdir ki, Ermənistan əhalisinin sosial-iqtisadi rifahı əsasən Rusiya ilə münasibətlərdən asılıdır. Məsələ yalnız ərzaq təminatı ilə məhdudlaşmır. Ermənistanın qaz təchizatı, elektrik enerjisi, dəmir yolu infrastrukturu və iqtisadiyyatın strateji sahələrinin əhəmiyyətli hissəsi Rusiya şirkətlərinin nəzarəti altındadır”.
Politoloqun qənaətinə görə, Ermənistanın Rusiyadan üz döndərib, Avropa İttifaqına yönəlməsi əhalini acınacaqlı vəziyyətə salacaq:
“S.Lavrov açıq şəkildə Ermənistanın ikili oyunlarından bezdiyini, artıq son qərarın verilməsinin zəruri olduğunu nümayiş etdirir. Son dövrlərdə kilsəyə yaxın fiqurlar vasitəsilə Ermənistanda hakimiyyət dəyişikliyi cəhdlərinin uğursuzluğa düçar olduğunu görən Moskva, İrəvana ultimativ mesaj göndərir: Avropaya yönəlmək aclıq və dərin böhran riski deməkdir, mövcud vəziyyəti qorumaq isə Rusiyanın siyasi orbitində qalmağı tələb edir. Bütün bu proseslər Ermənistanın seçkiqabağı siyasi mühitində mövcud hakimiyyətə yönəlmiş açıq çağırış xarakteri daşıyır. Böyük ehtimalla, Ermənistan yenə də ikili standart siyasətini davam etdirərək, Avropa və Rusiya ilə paralel münasibətlər qurmağa çalışacaq”.
Aybəniz Səfərova