Elxan Şahinoğlu: Azərbaycanın İranla birgə hərbi təlimlərinin iki hədəfi var

Birinci məqsəd bu təlimlər vasitəsilə iki ölkə arasındakı sərhəddə narkotik qaçaqmalçılığının qarşısının alınmasıdır


  Azərbaycan və İranın birgə həyata keçirdiyi "Araz-2024” taktiki təliminə hazırlıq prosesi başa çatıb. Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Ərdəbil vilayətinin Aslanduz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlı bölmələri ilə keçirilən "Araz - 2024" birgə taktiki təliminin hazırlıq prosesi yekunlaşıb. Ssenariyə əsasən, şəxsi heyət təlim poliqonunda ərazi ilə tanış olub. Sonra keçirilən iclasda komandirlərin təlim üzrə məruzələri dinlənilib. “Araz-2024” birgə taktiki təliminin növbəti mərhələsinə uyğun olaraq, hər iki ölkənin şəxsi heyəti təlim sahəsində məşqlərin icrasına başlayıb.

  Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Azərbaycanın İranla qısa müddət ərzində həm dənizdə, həm də quruda birgə hərbi təlimlərinin iki hədəfi var. Ekspertə görə, birinci məqsəd bu təlimlər vasitəsilə iki ölkə arasındakı sərhəddə narkotik qaçaqmalçılığının qarşısının alınmasıdır: 
"Bundan ən çox əziyyət çəkən Azərbaycandır. Ölkəmizdən İran ərazisinə narkotik keçirilməsi faktı yoxdur. İran ərazisindən gizli yollarla Azərbaycan ərazisinə on kiloqramlarla narkotik vasitələr keçirilməyə çalışılır. Narkotik daşıyanlarla Azərbaycan sərhədçiləri arasında atışmalar nəticəsində hərbçilərimiz həlak olub, yaralananlar var. Buna görə də birgə hərbi təlimlər sərhəddə təhlükəsizliyin artırılmasına xidmət etməlidir.
  Azərbaycanın İranla birgə hərbi təlimlərinin siyasi əhəmiyyəti də var. İrandakı siyasi, dini və hərbi dairələr Azərbaycanı İsraillə hərbi əməkdaşlığı genişləndirməkdə ittiham edirlər. Halbuki Azərbaycanın İsraillə əməkdaşlığı İrana qarşı yönəlməyib. Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə il ərzində keçirdiyi hərbi təlimlərdən də narahat olanlar var. Azərbaycan İranla birgə hərbi təlimlər keçirməklə Azərbaycandan qonşu ölkəyə təhdid olmayacağını Tehrana anlatmağa çalışır". 

  Analitik vurğulayıb ki, Tehranda anlamalıdırlar ki, Azərbaycan Türkiyə, İsrail və NATO ilə hərbi əməkdaşlıqdan imtina etməyəcək:
 "Məsələn, Azərbaycan Silahlı Qüvvələri İran Silahlı Qüvvələri ilə birgə təlimlər keçirərkən, NATO nümayəndə heyəti Bakıda idi. Bakıda Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Görüşlərdə NATO ilə əməkdaşlığın əsas hüquqi bazası hesab olunan “Fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramı” (ITPP) layihəsində göstərilən öhdəliklərin icrası ilə bağlı cari vəziyyət və beynəlxalq təhlükəsizlik missiyalarında hərbi qulluqçularımızın iştirakı barədə danışılıb. Azərbaycan NATO-ya üzv olmaq istəmir, ancaq ordumuzun daha da modernləşdirilməsi baxımından Şimali Atlantika Blokunun müxtəlif proqramlarında iştirak ölkəmiz üçün əvvəlkitək faydalıdır".